2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçu, İran vətəndaşı Yasin Hüseynzadə ilə bağlı həmin ilin 2 oktyabrında çıxarılan edam hökmü hələ də icra olunmur. Artıq qərarın üzərindən 2 ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil. Təbii olaraq bu məsələ Azərbaycan ictimaiyyətində haqlı narazılıqla qarşılanır.
Oktyabrın 14-də isə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən İrandakı səfirliyimizə hücum edən terrorçu ilə bağlı məhkəmə hökmünün icrası məsələsinə münasibət bildirib. İran dövlət başçısı səfirliyimizə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi ilə bağlı hüquqi proseslərin tam həyata keçirilməsinə qədər məsələni izləyəcəklərini deyib.
Bəs, Pezeşkianın açıqlaması terrorçunun edam hökmünün tezliklə icra ediləcəyi kimi qəbul edilə bilərmi? Ümumiyyətlə, qərarın icrasının gecikməsi nədən xəbər verir?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, İranda dövləti Ali dini lider idarə edir və prezident ondan daha aşağı səlahiyyətlərə malik prosessual şəxsdir:
"Amma buna baxmayaraq, söhbət dövlətin prezidentinin verdiyi sözdən gedirsə, təbii ki, bu çaplı şəxs sözünün fərqindədir. Həmçinin terrorçu ilə bağlı İran məhkəməsinin konkret qərarı var. İranda edam cəzasına məhkum edilən şəxslərin qısa müddət ərzində edam olunduğunu görmüşük. Lakin məhz bu terrorçu haqqında çıxarılan edam qərarı icra olunmur. Hesab edirəm ki, prezidentin bu qərarın icrasını tezləşdirməyə ən azından səlahiyyəti çatır və Pezeşkian əgər bu fikri səsləndiribsə, deməli, o, sözün arxasında dayanmalıdır. Bu baxımdan, onun boş vəd verdiyinə inanmıram".
- Yəqin ki, Pezeşkian bu açıqlamanı yalnız öz postuna güvənərək yox, həm də Ali dini liderlə razılaşdırıb deyib. Siz necə hesab edirsiniz?
- Təbii ki, mən də bu fikirdəyəm. Üstəlik, Pezeşkianın özünün də etiraf etdiyi kimi, bu məsələ sıradan bir hadisə deyil. Çünki bu hadisə Azərbaycan-İran münasibətlərinə təsir edən bir məsələdir ki, rəsmi Tehran da bunun fərqindədir. Ona görə də hesab edirəm ki, bu fikir həm də Ali dini liderin fikri kimi də qəbul edilməlidir. Yəqin ki, bu açıqlama İran siyasətində Azərbaycana yönəlik müsbət çalarları göstərmək kimi diqqətə çatdırılıb.
- Sizcə, bu yanaşmanı dostluq münasibətinə atılan addım kimi dəyərləndirmək lazımdır, yoxsa vaxt uzatmaq?
- Həmin terror hadisəsi baş verəndən sonra Tehran tərəfindən yürüdülən qeyri-adekvat siyasət ucbatından Azərbaycanla İran arasında onsuz da xoş olmayan münasibətlər bir qədər də pisləşdi və faktiki olaraq diplomatik münasibətlərin kəsilməsinə səbəb oldu. Lakin Məsud Pezeşkianın prezident seçilməsi Azərbaycanın da diqqətini əvvəlki dönəmlərdən fərqli olaraq daha yüksək olması ilə nəticələndi. Çünki Pezeşkian azərbaycanəsillidir, İranda yaşayan 40 milyona yaxın soydaşımızın nümayəndəsidir. Eyni zamanda, Pezeşkian özü də bir neçə dəfə Azərbaycan türkü olduğunu və bununla fəxr etdiyini deyib. Bu amil də bizi daha çox o fikrə yönəldirdi ki, nəhayət ki, İran Azərbaycana yönəlik münasibətini yumşaldacaq və İran bu vaxta qədər Azərbaycana qarşı sərgilədiyi ədalətsiz mövqeyindən geri çəkiləcək. Yəni, bizim bu istiqamətdə gözləntilərimiz var və bu gözləntilərimizin fonunda İran rəsmləri tərəfindən bu cür fikirlərin səsləndirilməsi müsbət qarşılanmalıdır. Lakin bu münasibət təkcə sözdə deyil, əməldə də özünü göstərməlidir. İran rəsmiləri necə ki, Azərbaycanla münasibətlərin yumşalmasında maraqlı olduqlarını, bərabərhüquqlu əməkdaşlıq etmək etmək istədiklərini bildirirlər, amma bunu əməldə də sübut etməlidirlər. Əks halda, bizim düşmənlərimizə dəstək verməklə, Ermənistan-İran sərhədini "qırmızı xətt" adlandırmaqla heç nə dəyişməyəcək. Yeri gəlmişkən, bu yaxınlarda erməni rəsmilərindən biri belə bir fikir səsləndirdi ki, guya İran rəsmiləri belə bir fikir gündəmə gətiriblər ki, İran dövləti regiondan kənar güclərin regiona gətirilməsində maraqlı deyil və bunu dövlət maraqlarına təhdid kimi qəbul edirlər. Ermənilər bu fikri fərqli şəkildə implementasiya edirlər. Onların iddiasına görə, guya İran rəsmiləri Azərbaycanı nəzərdə tutur, daha dəqiq desək, İran-İsrail münasibətlərində Azərbaycanın mövqeyinə diqqət çəkməyə çalışırlar ki, Bakı-Təl-Əviv münasibətləri getdikcə bir qədər də yaxşılaşır və bunun qarşısı alınmalıdır. Amma əslində, bu yanaşma tamamilə fərqlidir və İran rəsmiləri Ermənistanın bölgəyə gətirdiyi kənar güclərlə bağlı öz narahatlığını ifadə edirlər.
- Bir növ ermənilər İranla münasibətlərinə arxayın olub prosesləri həmişə kimi spekulyasiya edirlər...
- Təbii ki. Çünki Amerika Birləşmiş Ştatlarının məhdud sayda olsa da, hərbi kontingenti erməni hərbi birləşmələri ilə birgə təlimlər keçir, Fransa hərbiçiləri bu gün Ermənistandadır, eyni zamanda, Ermənistan mülki müşahidə missiyası adı altında bölgəyə Avropa İttifaqının kəşfiyyat qrupunu yerləşdirib. Yəni, bölgəyə regiondan kənar güclərin gətirilməsində Ermənistanın rolu var, sadəcə olaraq, ermənilər bu məsələni Azərbaycanın üzərinə gətirmək istəyirlər. Əslində isə İran Ermənistana xəbərdarlıq edir ki, regiona kənar güclərin gətirilməsində onlar da narahatdırlar ki, bu proses regionda sülhə və sabitliyə mane olan bir faktordur. Ona görə də İran nəhayət ki, Azərbaycanla münasibətlərinə fərqli prizmadan yanaşmalıdır. Ən azından, İran həm bizimlə qonşu dövlətdir, həm də bu ölkənin ərazisində 40 milyona yaxın soydaşımız yaşayır və onların taleyi də bizim üçün diqqət mərkəzindədir. Sadəcə olaraq, qarşı tərəf Azərbaycana daha isti münasibət göstərməlidir ki, münasibətlər də müsbət məcrada davam etsin.
Mərahim Nəsib