“Əsrin müqaviləsi”nin məntiqi davamı olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri qlobal əhəmiyyətli layihələrdir. Bu layihələr Azərbaycan və Gürcüstanda siyasi və iqtisadi dayanıqlılığın təməli rolunu oynayıb, eyni zamanda Qazaxıstan neftinin də dünya bazarına nəqli üçün əlavə pəncərə açıb”.
Bunu Baş nazir Əli Əsədov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
“Məhz bu layihələrin davamı olaraq TANAP və TAP kimi kəmərlərin ərsəyə gətirilməsi mümkün oldu. Təsəvvür edin ki, Heydər Əliyevin çox böyük zəhmətlə, hətta bir neçə dəfə sui-qəsdə, təhdidlərə məruz qalmaqla, hər hansı xarici maliyyə dəstəyi olmadan təməlini qoyduğu və Prezident İlham Əliyevin başa çatdırdığı və davam etdirdiyi bu layihələr olmasa idi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı vəziyyət son 3 ildəkindən qat-qat ağır olardı”, - deyə baş nazir əlavə edib.
O qeyd edib ki, eyni fikirləri avtomobil və dəmir yolları dəhlizi haqda da deyə bilərik:
“1998-ci ildə Bakıda “Şərq-Qərb” nəqliyyat dəhlizi mövzusuna həsr olunmuş beynəlxalq konfransın təşkil olunması Heydər Əliyevin nə qədər uzaqgörən bir lider olmasının daha bir parlaq təcəssümüdür.
Məhz həmin konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın təmsilçisi “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş”i imzaladı. Beynəlxalq konfransdan dərhal sonra Heydər Əliyev onun yekunlarına həsr olunmuş iclas keçirərək XXI əsrdə Avrasiyada nəqliyyat dəhlizinin önəminin artacağını böyük uzaqgörənliklə elan etdi və buna hazırlıqla əlaqədar tapşırıqlar verdi. Hazırda Şərqlə Qərbi birləşdirən “Orta dəhliz” layihəsinə qlobal ehtiyacın artması Heydər Əliyevin zamanı 25 il qabaqlamasının sübutudur.
Prezident İlham Əliyevin təşəbbüsü, Azərbaycan dövlətinin fəal siyasi və maliyyə dəstəyi ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu məhz Heydər Əliyevin uzaqgörən strateji planlarının davamıdır. İndi bu layihələr bütün dünyanın nəqliyyat və iqtisadi təhlükəsizliyində mühüm rola malikdir.
Yeri gəlmişkən, Zəngəzur dəhlizinin bərpa olunması da “Şərq-Qərb” nəqliyyat dəhlizinin tam gücü ilə işləməsinə, beynəlxalq ticarətin rentabelliyinin yüksəlməsinə səbəb olacaq”.