Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ermənistanın təhlükəsizliyi sual altında - Rəsmi İrəvanın yeni avantürası
Ermənistan gələcəkdə Azərbaycanla olacaq nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarını özəl şirkətlərə verilməsi imkanını nəzərdən keçirir. Şirkətlər yalnız nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə cavabdeh olacaqlar. Vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək. Xatırlatmaq yerinə düşər ki, Ermənistan tərəfi bununla bağlı bundan əvvəl də təkliflər səsləndirib və bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırıb.
Çünki 2020-ci ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında İkinci Qarabağ müharibəsini yekunlaşdıran üçtərəfli bəyannamənin 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır, nəqliyyat nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Lakin Ermənistanın Rusiyadan üz çevirib Qərbə meyillənməsi və regiona kənar qüvvələri cəlb etməsi ilə proseslərin müsbət məcrada irəliləməsi mümkün olmayıb. Təbii ki, Ermənistanın avantüraya meyilli, kənar qüvvəlləri regiona cəlb etməklə özünü asılı vəziyyətə salan, qeyri-müstəqil siyasəti yürütdükcə regionda davamlı sülhün əldə edilməsi çətin olacaq ki, bunun da məsuliyyəti rəsmi İrəvan və havadarlarının üzərinə düşür.
Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Rəşad Bayramovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiya və onun təhlükəsizliyindən danışarkən əvvəlcə onu vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi təkcə regional nəqliyyat dəhlizi deyil, həm də qlobal səviyyədə dəstəklənən bir xəttdir: "Təsadüfi deyil ki, dünyanın müxtəlif güc mərkəzləri, Çindən tutmuş Rusiyaya və ABŞ-yə, Böyük Britaniyaya qədər müxtəlif qlobal güclər bu dəhlizin açılmasında maraqlıdırlar. Amma problem ondadır ki, bu güclərdən hər biri Zəngəzur dəhlizi layihəsinə ancaq öz mənafelərindən yanaşırlar. Nəticədə, müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşması bu layihənin reallaşması istiqamətində konkret addımların atılmasını gecikdirir."
"Məsələn, İran prosesə həm öz iqtisadi, həm də siyasi maraqları çərçivəsində baxaraq Zəngəzur dəhlizi layihəsinə əvvəlcədən mənfi yanaşıb. ABŞ və bir sıra Qərb ölkələri Zəngəzur dəhlizinin açılmasını yalnız bir şərtlə istəyirlər ki, bu kommunikasiya xətti Çindən, İrandan və Rusiyadan yan keçsin. Başqa sözlə desək, bu, təkcə Rusiyanın Zəngəzur dəhlizi üzərində nəzarətinin istisna edilməsi yox, həm də Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin Orta dəhlizinə qarşı çıxmaq anlamına gəlir. Çünki Çinin bu layihəsində Orta dəhlizin Çindən başlayaraq Avropaya qədər uzanması nəzərdə tutulur. Qərb ölkələri, xüsusilə ABŞ isə Çinin iqtisadi böyümə strategiyasının ana prinsiplərindən olan bu layihənin reallaşmasını heç bir halda istəmir. Onlar sadəcə bu yolun Avropadan Mərkəzi Asiya ölkələrinə qədər uzanmasında maraqlıdırlar. Rusiyaya gəldikdə isə, bu ölkə Çinin "Bir Kəmər, Bir Yol" layihəsinin orta marşrutunu öz nəzarətinə götürməklə ondan siyasi və maddi divident qazanmaq istədiyi üçün Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyannamənin 9-cu bəndini əlində rəhbər tutub dəhlizin açılmasını tələb edir. Ermənistan isə Qərbin davamlı təkidlərinə boyun əyərək Zəngəzur dəhlizinin 10 noyabr bəyannaməsində razılaşdırılmış şəkildə, yəni Rusiyanın yola nəzarəti şərti ilə açılmasına qarşı çıxaraq bunu öz suverenliyinə təhdid olaraq görür. Rəsmi İrəvana görə, dəhlizə ya özləri, ya da özlərinə yaxın hesab etdikləri ölkələrdən biri nəzarət etməlidir. Bu da, təbii ki, nə Çinin, nə də Rusiyanın marağına uyğun gəlir. Yola nəzarətin hansısa beynəlxalq təşkilata verilməsi təklifi də məhz elə buna görə, yəni bütün tərəfləri razı salmaq üçün orataya atılıb", - deyə politoloq vurğulayıb.
Müsahibimiz bildirib ki, hətta keçən il Azərbaycanla Ermənistan arasında keçirilən Brüssel görüşündə Beynəlxalq Gömrük İttifaqının bu işdə vasitəçi ola biləcəyi ilə bağlı müəyyən fikirlər var idi: "Ümumilikdə isə hazırda aktual iki təklif var: Dəhlizə nəzarət ya həmin gömrük İttifaqına, ya da "Fronteks" təşkilatına (Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi) verilsin. Ümumi götürəndə isə dəhlizə kimin nəzarət etməsi bizim üçün ikinci dərəcəli məsələdir. Əsas odur ki, dəhliz Azərbaycanın şərtləri ilə, yəni Azərbaycandan-Azərbaycana prinsipi ilə açılsın. Bununla bağlı razılaşma olacağı halda yola nəzarətin hansı quruma veriləcəyi və bunun necə həyata keçiriləcəyi ilə bağlı müzakirələr aparmaq olar. Məsələn, əgər dəhlizə nəzarət Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi olan "Fronteks"ə veriləcəksə, biz buna yalnız o şərtlə razı ola bilərik ki, həmin agentliyin Zəngəzur dəhlizi boyunca fəaliyyət göstərəcəyi personalın tərkibi mütləq şəkildə bizimlə razılaşdırılsın. Çünki məlumdur ki, Avropada əsas aparıcı dövlətlərdən biri Fransadır və rəsmi Paris "Fronteks" adı altında məhz öz nümayəndələrini orada yerləşdirməyə çalışacaq. Düşünürəm ki, Zəngəzur dəhlizinə nəzarət bu təşkilata veriləcəksə, o yalnız neytral ölkə təmsilçilərindən formalaşmalıdır".
"Ümumiyyətlə isə indi Zəngəzur dəhlizi bizdən çox ermənilərin problemidir. Əgər Qərb dövlətləri Ermənistanı "regional dalan"dan çıxarıb Avropaya inteqrasiya yolunu açmaq istəyirlərsə, mütləq şəkildə Azərbaycanın maraqlarını nəzərə almalıdırlar. Çünki bizim Ermənistandan fərqli olaraq Gürcüstan üzərindən keçən alternativlərimiz mövcuddur", - Bayramov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Zəngəzur dəhlizi" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Zəngəzur dəhlizinə nəzarət uğrunda böyük savaş gedir"
- Zəngəzur dəhlizi istiqamətində nəqliyyat qovşaqları konsepsiyaları hazırlanır
- Türk dövlətlərinin birlik nümayişi: Azərbaycan və Türkiyə TDT-nin aparıcı qüvvəsidir
- Oyundankənar Makron
- Hərbçilərimizi Şuşaya aparan cığır üzərində qurulan, qələbəmizin simvollarından biri olan ZƏFƏR YOLU