"Bu gün "Böyük Qayıdışa dair I Dövlət Proqramı" layihəsinin sevincini yaşamaq doğma Cəbrayıl sakinlərinə nəsib olub. Tezliklə bütün keçmiş məcburi köçkünlərimizə bu layihənin, proqramın sevincini yaşamağı arzulayırıq".
Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köşkünlərin işləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov deyib.
O bildirib ki, ilk köç də məhz Cəbrayıl rayonuna edilib:
"Bildiyiniz kimi, ilk köç də Cəbrayılın Cocuq Mərcanlı kəndinə həyata keçirilib. 2016-cı ildə aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdikdən sonra ölkə başçısının müvafiq sərəncamı ilə ilk inşa olunan kənd Cəbrayılın Cocuq Mərcanlı kəndi oldu və oraya ilk köç həyata keçirildi. Bu gün isə daha 36 ailə (117 nəfər) Cəbrayıl şəhərinin özünə köçürülür.
Bizə, eləcə də keçmiş məcburi köçkünlərimizə bu günləri yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq".
Rövşən Əsədov