Rüstəm Qaraxanlı yazır...
1968-81-ci illərdə Panamaya rəhbərlik etmiş Omar Torrixos Vaşinqtonda ən arzuedilməz dövlət liderlərindən biri idi. Xalq tərəfindən sevilən və dəstəklənən general aqrar, təhsil, səhiyyə, vergi islahatlarının, həmkarlar ittifaqlarının rolunun gücləndirilməsinin təşəbbüskarı olub. O.Torrixos xarici siyasətdə ABŞ-dən maksimum uzaqlaşma kursunu yürütsə də, Latın Amerikasının ənənəvi solçu liderləri, məsələn, Fidel Kastro kimi aşkar sovetyünömlü siyasətdən çəkinirdi.
Hakimiyyətdə olduğu dövrdə O.Torrixosun bir nömrəli hədəfi Panama kanalını ABŞ-nin nəzarətindən çıxararaq milliləşdirmək idi. O, Amerikanın ovaxtkı lideri Cimmi Karterlə uzun danışıqlardan sonra məqsədinə nail olub və Vaşinqtonun kanal üzərindəki monopoliyasına son qoya bilib. Bu geosiyasi nailiyyət Torrixosa həyatı, Karterə də hakimiyyəti bahasına başa gəlib.
1979-81-ci illərdə qonşu Ekvadorda hakimiyyətdə olmuş prezident Xayme Roldos ABŞ-də sevilməyən digər dövlət başçısı idi. Ekvadorda fəaliyyət göstərən Amerikanın missioner təşkilatlarını ölkədən qovan X.Roldos ABŞ şirkətlərini zəngin neft yataqlarının kəşfiyyatı və istismarından kənarlaşdırmaqla öz xalqının kumirinə çevrilmişdi. 24 may 1981-ci ildə X.Roldos, iki ay sonra - 31 iyulda isə O.Torrixos müəmmalı şəkildə təyyarə qəzasında həlak olublar. Hər iki hadisə ilə bağlı indiyə qədər səhih məlumat verilməsə də, ölkə liderlərinin yaxın ətrafı və ailə üzvləri ümumxalq hüznünə çevrilmiş bu qəzalarda ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsini günahlandırırlar.
1980-ci ilin seçkilərində C.Karteri məğlub edib prezident seçilən Ronald Reyqan sələfindən fərqli olaraq Latın Amerikası ölkələrinin müstəqil liderlərinə qarşı sərt və amansız siyasətin tərəfdarı idi. "Bruklin kovboyu" filmi ilə populyarlıq qazanmış Reyqan beynəlxalq münasibətlərə elə kovboylara xas, vəhşi Qərbin zorakılıq üzərində bərqərar olmuş davranışını gətirmişdi. Onun hakimiyyətində təmsil olunan Corc Buş və Dik Çeyninin neft korporasiyaları ilə sıx münasibətləri bu siyasətin formalaşmasında prioritet rol oynayırdı. Çeyni illər sonra kiçik Buşun prezidentliyi dövründə vitse-prezident oldu və 11 sentyabr 2001-ci il terrorunun ardınca Vaşinqtonun Yaxın Şərq ekspansiyasının aparıcı simalarından birinə çevrildi. Həm X.Roldosun, həm də C.Torrixosun ölümü Reyqanın hakimiyyətinin birinci ilində, hətta ilk altı ayında baş vermişdi. Bu dəyişikliklər ABŞ-nin böyük korporasiyaları və neft nəhənglərinin Ekvadora və Panamaya yenidən ayaq açmalarını təmin etdi. Ekvador bu gün ən iri xarici borcu olan dövlətlərdən biridir. Ölkənin neftdən əldə etdiyi gəlirlərin az qala üçdə ikisi ABŞ-yə və korporasiyalara olan borc və kreditlərin bağlanmasına yönəlir. O.Torrixosun ölümündən sonra hakimiyyətə ABŞ-yə münasibətdə nisbətən loyal general Manuel Noryeqa gəlsə də, hadisələrin inkişafı Ekvadordakından fərqli ssenari ilə cərəyan edib.
Panama milli qvardiyasının ali baş komandanı, general M.Noryeqa heç bir dövlət vəzifəsini tutmasa da, 1983-89-cu illərdə ölkənin de-fakto rəhbəri olub. O.Torrixosun silahdaşlarından olan general sələfinin kursuna maksimum şəkildə sadiq qalmağa çalışsa da, qatı anti-Amerika siyasətindən çəkinirdi. Buna görə də o, ABŞ şirkətlərini yenidən ölkəyə buraxmış, amma Panama kanalının Vaşinqtonun monopoliyasına keçməsinə razılıq verməmişdi. M.Noryeqa hətta ikinci kanalın çəkilişi təşəbbüsü ilə çıxış etmiş, tikinti işlərinin Yaponiya hökuməti və şirkətlərinə həvalə edilməsi üçün cəhd göstərmişdi. Təbii ki, elə bu qərarı da ona çox baha başa gəlmişdi.
Reyqan hakimiyyətində vitse-prezident olmuş böyük Corc Buşun prezidentliyinin ilk ilində - 1989-cu ildə ABŞ görünməmiş və heç bir izahı olmayan addım ataraq Panamaya hərbi müdaxiləyə başlayır. Paytaxtın demək olar ki, yarısı hərbi həmlə nəticəsində dağıdılır və yandırılır, minlərlə mülki vətəndaş qətlə yetirilir. ABŞ vətəndaşı olmayan, başqa bir dövlətin faktiki lideri M.Noryeqa həbs edilərək Amerikaya gətirilir, mühakimə olunur, "narkotik istifadəsində və tranzitində" təqsirləndirilərək 40 illik həbs cəzasına məhkum edilir. Cəmi bir il sonra - 1990-cı ilin avqustunda Səddam Hüseynin Küveytə müdaxiləsi İraqa qarşı geniş koalisiyalı hərbi cəza əməliyyatına səbəb olsa da, Panamanı faktiki olaraq işğal edib liderini əsir götürən ABŞ-yə "gözün üstündə qaşın var" deyən olmadı. Noryeqa həbsdə olduğu dövrdə bildiyi bütün hərbi və siyasi sirləri Vaşinqtona ötürür. Təbii ki, könüllü sürətdə deyil...
İndi ABŞ-nin erməni diasporunun pullarına satılmış riyakar konqresmen və senatorları separatizmin qalıqlarını Vaşinqtona, Kapitoliyə dəvət edib görüşlər keçirəndə, Azərbaycan xalqının qanını tökmüş aqressiv, bölücü xuntanın liderlərinin həbsdən azad edilməsi tələbləri ilə çıxış edəndə adamda belə bir sual yaranır: görəsən, bunların bizim deyil, öz tarixlərindən xəbərləri varmı? Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qiyam qaldırmış, Xocalıda soyqırımı törətmiş, yüzminlərlə insanımızın 30 il ərzində öz ölkəsində köçkün kimi yaşamasının baiskarı olmuş bu qanlı səhra komandirlərini "dövlət xadimi, siyasi xadim" deyə təqdim edən muzdlu ABŞ qanunvericiləri həbs etdikləri M.Noryeqa, öldürdükləri O.Torrixos, X.Roldosla Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan arasındakı fərqi görürlərmi? Əgər ABŞ ona itaət etməyən, öz xalqının mənafelərini düşünən başqa dövlətlərin liderlərini aradan götürməkdə, məhbəsə atmaqda bir qəbahət görmürsə, bizi ərazimizi parçalayan, dövlətçiliyimizin sütunlarına qəsd, xalqımızı qətl edən separatçıları həbs etdiyimizə görə niyə qınamalıdır?