Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyətə dezinformasiya ötürməklə məşğuldur.
Avstriyanın paytaxtı Vyanada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin iştirakı ilə danışıqlar baş tutub. Erməni mediasının yaydığı xəbərlərə görə, tərəflər bir sıra mühüm mövzuları, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Məlumata görə, Ararat Mirzoyan və Rafael Qrossi arasında danışıqlar nüvə təhlükəsizliyi üzrə beynəlxalq konfrans çərçivəsində keçirilib.
Maraqlıdır ki, Vyanada "Gələcəyin formalaşdırılması" mövzusunda baş tutan Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda (ICONS 2024) çıxış edən erməni nazir növbəti yalanlarla gündəm olub.
Erməni nazir ölkəsində qəza vəziyyətində olan, istismar müddəti çoxdan başa çatmış Metsamor Atom Elektrik Stansiyasının (AES) törətdiyi qlobal təhlükəyə toxunmayıb. Əksinə, iddia edib ki, ölkəsi beynəlxalq agentliyin təhlükəsizlik tədbirləri üzrə sazişlərinə və əlavə protokollarına tam əməl edir. O, əməkdaşlıq çərçivəsində Ermənistanın AEBA-nın müvafiq tövsiyələrinə uyğun olaraq obyekt səviyyəsində nüvə təhlükəsizliyinin yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirdiyini vurğulayıb:
"Bu cür təkmilləşdirmələr, eləcə də atom elektrik stansiyalarının genişmiqyaslı modernləşdirilməsi və yenidən qurulması nüvə enerjisinin lehinə əlavə ictimai etimad və təbliğat yaratdı".
Nazir tədbir iştirakçılarını inandırmağa çalışıb ki, Ermənistan özünün Milli Fəaliyyət Planı vasitəsilə BMT Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsi əsasında üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirir.
Qeyd edək ki, Türkiyə sərhədindən 16 kilometr məsafədə yerləşən AES 1969-77-ci illərdə Ermənistan SSR ərazisində Metsamor şəhəri yaxınlığında tikilib.
Metsamor AES-in istismar müddətinin çoxdan başa çatması və hazırda işə yararsız olduğu səbəbindən onun bağlanması tələbi ilə Azərbaycanda və digər qonşu ölkələrdə müzakirələr aparılıb. Dəfələrlə vurğulanıb ki, stansiya növbəti Çernobıl və ya Fukusima hadisəsi kimi fəlakət törədə biləcək, partlamağa hər an hazır dinamit kimidir. Stansiyanın təhlükəliliyi barədə dəfələrlə region ölkələri - Türkiyə, Azərbaycan, Gürcüstan tərəfi narazılığını ifadə edib. Hər üç ölkəni təmsil edən qeyri-hökumət təşkilatları, ekoloqlar bəyanatlarla çıxış edib, narahatlıqlarını ifadə ediblər. Çağırışlarda AES-in bütün region üçün təhlükə yaratdığı vurğulanıb.
Türkiyə Böyük Millət Məclisinin Müraciət Komissiyasına atom elektrik stansiyalarının yaratdığı risklərə qarşı tədbir görülməsi ilə bağlı müraciət daxil olub. Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, AES-in bağlanmasında müstəsna məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistanın qoşulduğu Nüvə Təhlükəsizliyi Konvensiyasının icmal iclaslarında, Nüvə Təhlükəsizliyi Konfransında və digər müvafiq forumlarda AES-in təbii fəlakətlərin tez-tez baş verdiyi regionda yerləşdiyi vurğulanır. Stansiya bütün region üçün risk faktorunu təmsil edir.
Qeyd olunub ki, Ankara həm AEBA-nın baş konfranslarında, həm də beynəlxalq ictimaiyyətə lazımi müraciəti edərkən bu risklərdən danışır. Bölgə və dünyanın ikinci Çernobılın öhdəsindən gələ bilməyəcəyi və bu səbəbdən də Metsamorun bağlanmalı olduğu vurğulanır.
Təəssüflər olsun ki, bu çağırışlar cavabsız qalıb.
Ermənistanın bu müraciətlərə mövqeyinə gəldikdə, rəsmi İrəvan dəfələrlə bəyan edib ki, stansiyanın bağlanması üçün addım atmaq niyyətində deyillər. Qeyd edilib ki, stansiya ilə bağlı hər hansı məsələ ortaya çıxarsa, dərhal Ermənistan hökumətinə məlumat veriləcək, ilk olaraq problemin olduğu və müəyyən tədbirlər görülməsinin vacibliyi bildiriləcək.
Yeri gəlmişkən, Azərbaycanın vətəndaş cəmiyyəti də hesab edir ki, AEBA və digər müvafiq beynəlxalq təşkilatlar bu aktual problemin həlli üçün regionun ən çox zərər çəkmiş ölkəsi olan Azərbaycanla sıx əməkdaşlıq etməlidirlər. Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün beynəlxalq ixtisaslaşmış təşkilatlardan təzyiqlər göstərilməlidir. Stansiyanın ekoloji fəlakət doğurması ehtimalının böyük olduğu və fəaliyyətinin dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərə əhəmiyyət verilməməsi Ermənistan rəhbərliyinin məsuliyyətsizliyini və müstəqil siyasi qərarvermə iqtidarında olmadığını sübut edir.
Ehtimal olunan nüvə faciəsi hətta Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsinə ciddi təsir edə bilər. Beynəlxalq təşkilatlar, ətraf mühitin qorunması ilə məşğul olan təşkilatlar bütün regionu əhatə edəcək nüvə qəzası təhlükəsini önləmək üçün yubanmadan konkret və praktiki addımlar atmalıdırlar. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu məsələyə ciddi diqqət yetirməlidir. Ermənistan əhalisi də öz təhlükəsizliyi barədə düşünməlidir.
Beləliklə, qeyd olunanlar AES-in təcili olaraq, heç bir müzakirəsiz və mübahisəsiz bağlanmasına əsas verir. Tək bölgədə yerləşən Azərbaycan, Gürcüstan, Türkiyə və digər qonşu dövlətlərin alim və mütəxəssisləri deyil, beynəlxalq təşkilatlar, dövlətlər də bu problemə ciddi yanaşmalıdır. Yalnız bu halda region üçün böyük təhdiddən qurtulmaq mümkündür. Başqa sözlə, öz əhalisinin və region dövlətlərində yaşayan xalqların təhlükəsizliyini nəzərə almayan Ermənistan hakimiyyəti Metsamor AES-in fəaliyyətini dayandırmağa məcbur edilməlidir.
"Report" İnformasiya Agentliyi