"Toğanalı-Kəlbəcər-İstisu yolunda inşaat işləri gedir. Növbəti ildə bu yolun yekunlaşması nəzərdə tutulub. Uzunluğu 82 kilometr olan yolun əhəmiyyəti böyükdür".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf imkanları" tədbirində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
O əlavə edib ki, hazırda tikintisi davam edən İstisu müalicəvi istirahət kompleksinin ümumi sahəsi 34 hektar təşkil edir və burada müxtəlif istiqamətlər üzrə turistlər faydalana biləcək.
Prezidentin xüsusi nümayəndəsi Kəlbəcər şəhərinin özündə, birinci yaşayış məhəlləsi adlanan ərazidə inşaat işlərinin davam etdirildiyini də diqqətə çatdırıb:
"224 mənzildən ibarət çoxmənzilli binalar inşa olunur".
B.Hacıyev son olaraq qeyd edib ki, İstisu qəsəbəsinin layihələndirmə işlərinə start verilib.
Qeyd edək ki, oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları" mövzusunda beynəlxalq konfrans keçirilib.
Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdikləri tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.
Məhərrəm Əliyev