Qarabağ münaqişəsi Azərbaycan üçün həll olsa da, bəzi Qərb dairələrinin, xüsusilə ABŞ-nin maraqlarından kənarda qalıb. Bunu görmək üçün son günlər ABŞ senatorlarının, rəsmilərinin Ermənistana göstərdikləri "dəstəyi" görmək kifayətdir. ABŞ Konqresində "Dağlıq Qarabağın süqutu"na həsr olunmuş dinləmələr keçirilir, ləğv edilmiş separatçı rejimin nümayəndələri dəvət edilirlər və sair.
Məsələn, Adam Şiff və bir sıra digər konqresmenlərin sentyabrın 18-də irəli sürdükləri təşəbbüsə də diqqət yetirmək olar. Adam Şiffin öndərliyində ermənipərəst konqresmenlərin irəli sürdükləri qanun layihəsi "2024-cü il üçün Arsax gəlirlərinin bərpası" adlanır.
Bununla yanaşı, biz tez-tez ABŞ rəsmilərinin "sülh", "dostluq", "qardaşlıq" bəyanatlarında da şahid oluruq.
Görünən odur ki, ABŞ masada yaxşı oyunçu olduğunu göstərməyə çalışır. Mərhəmətli üzünü bizə göstərib, şeytani simasını gizlətdiyini düşünür.
Maraqlıdır, ABŞ-nin bu gedişləri nəyə hesablanıb? Bu ölkə Ermənistanı şirnikləndirərək nəyə nail olmağa çalışır? Cənubi Qafqazda yeni güc sahibi olmağa, yoxsa?..
Politoloq Natiq Miri mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, burada Amerika Birləşmiş Ştatlarının maraqları və geosiyasi planlarını həyata keçirmək istəyi əsas rol oynayır:
"ABŞ-nin Cənubi Qafqazda konkret geosiyasi planı var. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq onun əsas hissəsidir. Bu plan regionun ən zəif bəndi olan Ermənistan vasitəsilə həyata keçirilir.
Gürcüstandakı mövcud siyasi reallıq ABŞ-nin maraqları kontekstində inkişaf etmir. Digər tərəfdən, regionun ən güclü ölkəsi olan Azərbaycan amili var ki, burada da siyasi mənzərə ABŞ-nin maraqları istiqamətində formalaşmır. Azərbaycan region dövlətləri içərisində ən çox müstəqil siyasət yürüdən ölkə olduğu üçün ABŞ problemlər ilə üzləşir. ABŞ-nin Rusiyanı bölgədən çıxarmaqla bütövlükdə Cənubi Qafqazda sirayət etmək planı reallaşmır. Baş verən hadisələri Azərbaycana təzyiq fonunda dəyərləndirmək lazımdır. Bir tərəfdən, Azərbaycana qoğal göstərilir - müəyyən cəlbedici hadisələri görürük, başqa bir tərəfdən dəyənək göstərilir. Bu mənada Vaşinqton sözün əsl mənasında ikili siyasət yürüdür. Məsələnin əvvəlini ABŞ-nin geosiyasi maraqları kontekstində dəyərləndirmək lazımdır".
N.Miri vurğulayıb ki, erməni lobbisi amili məsələnin ikinci tərəfidir:
"Təəssüf ki, bu amil bir çox dünya dövlətlərində özünün ciddi təsir imkanlarını qoruyub-saxlayır. ABŞ Konqresində, Senatında kriminal erməni lobbisinin maliyyəsi vasitəsilə konqresmenlər, senatorlar satın alınıblar. Bu baxımdan, istənilən mövzunu ABŞ-nin qanunvericilik qurumlarında rahatlıqla gündəmə gətirirlər və Azərbaycana qarşı təzyiq elementinə çevirirlər.
Nəqliyyat, logistika, kommunikasiya sistemləri istiqamətində rəqabət mövcuddur. Yaxın Şərqdə, Rusiya-Ukrayna müharibəsi mövzusunda kommunikasiya sistemləri ABŞ-nin istədiyi səviyyədə işlək deyil. Sözügedən məsələ ilə bağlı Rusiyaya müəyyən məhdudiyyətlər qoyulub. Buna görə də alternativlərə ehtiyac yaranıb. Bu alternativlərdən biri Orta Dəhlizdir. Bu dəhlizin hər iki istiqamətində - istər Gürcüstandan, istərsə də Zəngəzur dəhlizindən keçən istiqamətində ABŞ öz nəzarətini təmin etmək istəyir. ABŞ bu kommunikasiya sistemindən Rusiyanı, İranı, hətta Çini oyundankənar vəziyyətə salmağa çalışır. Ümumilikdə bu istiqamətdə qlobal səviyyədə qarşıdurmalar mövcuddur".
Məhərrəm Əliyev