İran-İsrail gərginliyi fonunda, regionun çalxalandığı bir vaxtda Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana, oradan isə Bakıya gəlməsi diqqətləri özünə cəlb edib. Bu baxımdan, səfərin məqsədlərindən birinin də mövcud situasiya ilə bağlı olması istisna deyil. Maraqlıdır, bəs bu səfərlər nədən xəbər verir?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Oxu.Az-ın mövzuya dair suallarını cavablandırıb:
-Hazırda Azərbaycan-Rusiya əlaqələri ilə bağlı gündəmdə olan mövzular çoxdur. İlk növbədə ona diqqət yetirməliyik ki, Segey Şoyqu siyasi nüfuzunu qismən də olsa itirib və o, mövcud vəzifəsi əsasında hansısa məsələləri müzakirə edib. Amma Azərbaycana edilən səfərin məhz İrandan sonra baş tutmasının sözügedən məsələlərlə bağlı olduğu da istisna deyil. Əgər biz bu mövzunu ümumi məntiqi əsaslarla təhlil etsək, kommunikasiyalarla bağlı məsələlərin müzakirə edildiyini ehtimal edə bilərik. Çünki uzun müddətdir ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi mövzusu Azərbaycan, Rusiya və İranın ən vacib maraq nöqtələrindən biridir. Hər üç ölkə başçısının da bu məsələ ilə bağlı silsilə görüşləri olub. Gözlənilən də bu idi ki, Şimal-Cənub dəhlizi və onun hələ də hazır olmayan Astara-Rəşt dəmiryolu xətti bərpa olunacaq və ən azı adıçəkilən istiqamətdə bağlantı reallaşacaq. Digər tərəfdən, keçmiş Sovet İttifaqı ilə İran arasında Culfa rayonu vasitəsi olan bağlantı sovet dövründə aktiv istifadə olunurdu və indi də o xəttin bərpa olunması çox vacib addım olardı. Bəlkə, bu mövzular da müzakirə mövzusu olub. Çünki hamı başa düşür ki, İran bəyanatlara baxmayaraq praktiki baxımdan nə Astara-Rəşt, nə də ki, Culfadan olan bağlantının bərpasına tələsmir və hətta bunu müxtəlif səbəblərdən ləngidir. Görüşdə bu mövzuların da müzakirə olunduğunu istisna etmirəm.
-Sizcə Şoyqu İran-İsrail gərginliyi ilə bağlı Azərbaycana konkret hansısa təkliflə çıxış edib?
-Azərbaycan da, Rusiya da tranzit imkanlarının istifadəsində maraqlıdır. Amma İranın hansısa şəkildə öz mövqeyini dəyişməsi gözləniləndir. Çünki geosiyasi vəziyyət kəskin şəkildə dəyişib və biz görürük ki, İranla Rusiya bəzi məsələlərdə hərbi müttəfiq kimi davranırlar. Bu bağlantının yaranması isə həm İran, həm də Rusiya üçün vacibdir. Azərbaycan da bu vəziyyəti öz xeyrinə istifadə edəcək.
-Azərbaycanın İsraillə sıx əməkdaşlığı, İranla isə qonşuluq münasibətləri mövcuddur. Bakının tərəflər arasında sülh təşəbbüsü və ya vasitəçi qismində çıxış etməsi də Şoyqunun təkliflərindən biri ola bilər?
-Buna diplomatiyada "xoşniyyətli xidmətlər" deyirlər. Bu niyyət sülhə, ən azı müharibənin qarşısını almaq kimi mühüm addımlara xidmət edən istəkdir. Azərbaycan isə buna həmişə hazırdır. Çünki həm İsrail, həm də İranda yaşayan insanlar bizim üçün yaxındırlar. Həmin insanlar arasında qan tökülməsinin, itkilərin olmasını istəmirik. Azərbaycan bunu hər zaman bəyan edib. Əgər bizdən asılı olan məsələ olsa, əminəm ki, Azərbaycan bu istiqamətdə münaqişənin tərəfi olmaqla yox, münaqişənin tərəfi olan ölkələrin mövqeyini yaxınlaşdırmaq istiqamətində hansısa addımlar atacaq.
-İndiki şərtlər daxilində bu, nə qədər mümkündür?
-İstisna olunmur ki, mümkün olmasın. Biz buna bənzər digər problemlərdə də xoş niyyətli xidmətlər göstərmişik. 2017-ci ildə Bakıda ABŞ-nin Baş Qərargahlar rəisi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşünü, 2015-c ildə Türkiyə-Rusiya gərginliyi zamanı Azərbaycan dövlət başçısının barışdırıcı mövqeyi, eləcə də Rusiya-Ukrayna münaqişəsinin həllində istənilən köməyi etməyə hazır olduğumuz bunun əyani sübutudur. Yəni, əldə olan imkanlardan istifadə edərək mövcud qarşıdurmaları aradan qaldırmağa həmişə hazırıq.
-Bəs, mövcud vəziyyət istər regional, istərsə də geosiyasi baxımdan gələcək perspektivdə nə vəd edir?
-Vəziyyət çox gərgindir. Artıq Rusiya-Ukrayna müharibəsində bizdən çox da uzaq olmayan bölgələrdə dronların, raketlərin istifadəsi adi hala çevrilib. Digər tərəfdən, İran-İsrail qarşıdurması açıq müharibə səviyyəsinə gəlib çıxıb. Yəni biz də gərginliyin mərkəzindəyik. Buna görə də, ilk növbədə stabilliyimizi qorumaq və mümkün təhlükələrdən dövlətimizi və xalqımızı xilas etmək əsas maraq dairəmizdir.
Mərahim Nəsib