Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Həzi Aslanov" stansiyası təmir olunur: Hansı işlər görüləcək?
Noyabr ayının 30-dan Bakı metropoliteninin "qırmızı" xəttinin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılır. Bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçikhəcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti stansiyanın yol dalanında tunelin konstruktiv elementlərinə mənfi təsir edib. Davamlı təsirlər nəticəsində yan və orta divarlarda eroziyanın intensiv xarakter aldığı müşahidə olunub. Blok və örtük panellərində mühafizə qatının betonu qopub, işçi armaturlar korroziyaya uğrayaraq deformasiyaya məruz qalıb və proses davamlı xarakter alıb. Yükdaşıyan konstruksiyaların dayanıqlılığının yoxlanılması və gücləndirmə işlərinə zərurət barədə rəyi Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib.
Qeyd olunmalıdır ki, stansiyanın inşası 1981-87-ci illərdə, mühəndis-geoloji və hidrogeolojı tədqiqatlara görə, aqressiv kimyəvi torpaq qatına malik ərazidə aparılıb. Sonrakı illərdə tikintinin dayandırılması, eləcə də ərazinin hidrogeoloji vəziyyətində kəskinliyin artması yol dalanında mövcud vəziyyətin yaranmasının əsas səbəbidir.
Hərtərəfli araşdırma və təhlillər belə nəticəyə gətirib ki, konstruksiyaların izolyasiya qatı zədələnərək keyfiyyətini itirdiyindən 20 ildən artıq istismar dövrü və qrunt suları stansiyanın yol dalanının konstruktiv elementlərinə təsirsiz ötüşməyib və təmiri qaçılmaz edib.
Stansiya dalanının təmiri ilə əlaqədar keçirilmiş tenderin qalibi "Evrascon" - Avropa-Asiya Tikinti Korporasiyası bütün prosesi altı mərhələdən ibarət olmaqla təmin edəcək. Sahədə tikinti-bərpa işləri üçün hazırlıq tədbirləri görülüb və təşkilati məsələlər həllini tapıb. Yükdaşıyıcı konstruksiyaların davamlılığını təmin etmək məqsədilə yaxınlıqdakı şaxtanın yerüstü sahəsində dalan tunelinin istinad divarına qədər pandus qazılıb. Pandusun quraşdırılması üçün svaydan istifadə olunub. Bu işlər son mərhələdədir.
Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə eroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiyası, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq.
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq.
Ümumiyyətlə, təmir zamanı ən dayanıqlı materiallardan, müasir dövrün infrastruktura uyğun son texnoloji yeniliklərindən istifadə olunacaq.
Aygün Mirakif
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Sədr müavini: "Cəfər Cabbarlı stansiyasında görülən işlər başa çatmaq üzrədir"
- Bakı metropoliteni qış mövsümünə hazırdır?
- Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək
- Bakı metropolitenində iş rejimi bir saat uzadılacaq
- COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
Rəylər