Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Paytaxt məktəbinə istilik verilməsində yaranan fasilənin səbəbi AÇIQLANDI
Valideynlər Bakıdakı 107 nömrəli orta məktəbdə istiliyin olmamasından şikayətçidirlər.
Oxu.Az-a şikayət ünvanlayan valideynlər bildirirlər ki, sinif otaqları soyuq olduğuna görə uşaqlar dərslərdə gödəkçədə oturmaq məcburiyyətində qalırlar.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən məktəbdə artıq istiliyin verilişi bərpa olunub:
"107 nömrəli tam orta məktəbdə qazanxananın qaz sayğacı müvafiq mütəxəssislər tərəfindən dövlət yoxlamasından keçirilmək üçün çıxarıldığına görə istilik verilməsində qısamüddətli fasilə yaranmışdı.
Məsələ aidiyyəti qurumların birgə səyi ilə qısa zamanda həllini tapıb. Hazırda məktəbdə istilik təminatı normal qaydadadır.
Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb və qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər aparılır. Məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün davamlı monitorinqlər aparılır, hər hansı problem aşkarlandığı təqdirdə səbəbi müəyyənləşdirilərək, aidiyyəti qurumlarla birgə yaradılmış operativ işçi qruplar tərəfindən qısa zamanda həlli istiqamətində tədbirlər görülür".
Aygün Mirakif
Rəylər