Gəncə Apellyasiya Məhkəməsində zorlamağa cəhddə və soyğunçuluqda təqsirləndirilən Vaqif Babayevin (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və zərərçəkmiş şəxsin şikayəti qismən təmin edilib, məhkumun müdafiəçisinin şikayəti təmin olunmayıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü ləğv edilib və yeni ittiham hökmü çıxarılıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 149.2.4-cü (zorlamağa cəhd), 181.2.3-cü (quldurluq) və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Bərdə şəhərində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Vaqif Babayev kafedən sərxoş vəziyyətdə çıxıb piyada hərəkət edərkən fərdi yaşayış evindən avtomobillə ev sahibinin, onun övladının çıxdığını, qapının içəridən evin xanımı zərərçəkmiş, 1984-cü il təvəllüdlü Rəna Səmədova (şərti) tərəfindən çəkilərək bağlandığını müşahidə edib. Sonra o, hasardan evə daxil olaraq, üzərində gəzdirdiyi vintaçanla (buraç) öldürəcəyi hədəsi ilə qadını zorlamaq istəyib. Rəna isə təpiklə onun qarın və ayaq nahiyəsindən zərbələr vurub. Daha sonra qadın onu zorlamamasının müqabilində pul təklif edib. Vaqif razılaşıb, yataq otağında olan mebelin qarşısındakı qutunun içərisindəki 90 manat pulu götürüb və evdən uzaqlaşıb.
Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Rəylər