Memarlıq abidələri mədəniyyət nümunələri kimi tarixin carçısı hesab edilir. Görmədiyimiz, bilmədiyimiz, eşitmədiyimiz tariximizi bizə bu abidələr çatdırır, izah edir. Sözügedən abidələrdən biri də Tovuz rayonunun Yanıqlı kəndində yerləşən Şah Abbas məscididir. İllərin sınağı və baxımsızlıq məscidi xoş olmayan aqibətə sürükləyir, çünki tədricən məscidin məhv olmaq təhlükəsi var.
Oxu.Az-a danışan kənd sakinləri tarixi abidənin bərpası üçün çoxsaylı qurumlara müraciət etdiklərini dilə gətiriblər.
Onlar qeyd edib ki, haqqında danışdığımız məscidin əvvəllər bərpası məsələsi gündəmə gəlsə də, bir yenilik olmayıb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qəzalı vəziyyətdə olan Şah Abbas məscidinin bərpa olunaraq yenidən istifadəsi məsələsi gündəmdədir:
"Bu məqsədlə tarixi tikilinin bərpa olunması məqsədi ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. İnvestisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.
Həmçinin ölkə ərazisində bərpaya ehtiyacı olan tarixi abidələrin çoxluğunu nəzərə alaraq, belə tarixi tikililərin qanunvericilik çərçivəsində ianələrlə bərpa edilərək istifadə edilməsində maraqlıyıq. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təbliğat işləri aparılır".
Xatırladaq ki, tarixi mənbələrə görə, məscid 17-ci əsrə aiddir. İbadətgah Səfəvilər ərazisində I Şah Abbasın inşasına fərman verdiyi 999 məsciddən biridir. 1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından Sovet dövründə anbar kimi istifadə edilib. 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb. Xarici görünüş, eyni zamanda tikiliş üslubu baxımından Gəncədə yerləşən eyniadlı məscidlə demək olar ki, eynidir.
XVII əsrin əvvəllərinə aid abidə qırmızı kərpicdən inşa olunub. Divarlarının qalınlığı 1,5-3 metr aralığında dəyişir. Binanın ön tərəfində, hər yanda 4 otaq olmaqla 8 otaq yerləşir ki, bunlardan da hücrə və müsafirxana (qonaq otağı - red.) kimi istifadə olunub.
Məscidin kitabəsi günümüzə gəlib çatmasa da, memarlıq üslubu və tikilmə vaxtına görə bu məscidin memar Şeyx Bəhaəddin Amili tərəfindən inşa edildiyi güman edilir.
@oxuaz 🕌 Şah Abbas məscidi qəzalı vəziyyətdə.
♬ оригинальный звук - Oxu.az Son Xəbərlər
Məhərrəm Əliyev
Rəylər