Heydər Əliyev küçəsində yeləşən "Gilabi ceramics" yaradıcılıq mərkəzində art-butikin açılışı olub.
"Gilabi ceramics"in rəhbəri, rəssam Emin Ələkbərovdan aldığımız məlumata görə, Laçın yaradıcılıq mərkəzində çalışanların heç də hamısı peşəkar rəssam deyil. Sənətə olan sevgi və həvəsləri onları bu ünvana yönləndirib, peşənin sirlərinə də elə bu mərkəzdə yiyələniblər. Təcrübə keçə-keçə püxtələşiblər.
Laçında istehsal olunan sənət əsərlərinin Balaxanıdakı əsərlərdən bir fərqi də var. Laçın məhsullarının istehsalında həm də Laçın xammalından istifadə olunur. İstehsal üçün zəruri olan ağ gil Türkiyədən gətirilsə də, qırmızı gili uzağa getmədən, Laçının özündən əldə edirlər. Yaradılan sənət əsərlərinin də hamısının məğzində Laçın var - Laçın folkloru, Laçının memarlıq elementləri, məşhur Qasımuşağı xalçasına aid naxışlar - bütün bunlar keramika və dekorativ tətbiqi sənət nümunələrində öz əksini tapıb. Emin Ələkbərovun dediyinə görə, şirkətin bir istehsalat emalatxanası da Xocalıda yaradılıb. Xocalı sakinləri tam heyətlə geri dönüncə mərkəz rəsmən fəaliyyətə başlayacaq. Hələliksə şirkət Xocalıdan olan sənətkarların sorağındadır. İş bacaran varsa, buyursunlar, iş tapmaq problem olmayacaq.
İndən belə laçınlı sənətkarlar öz məhsullarını elə öz butiklərində alıcılara təqdim edə biləcəklər. "Gilabi ceramics"in əsas satış mərkəzini isə paytaxt sakinləri və şəhərimizin qonaqları yaxşı tanıyırlar. Azərbaycanı təmsil edən əsl sənət əsərlərini almaq istəyənlər birbaşa Bakıdakı 28 May küçəsi, 20 ünvanına yollanırlar.
Laçında açılan yeni butiksə Bakıdakından da çoxşaxəlidir. Belə ki elə həmin yerdə art-kafe də açılıb. Nəzərdə tutulub ki, "Gilabi" art-kafe bir növ art-klub kimi fəaliyyət göstərsin, yəni iaşə obyektindən daha çox özəl tədbirlərin, yaradıcı insanların - yazıçı və şairlərin təqdimatlarının, musiqili gecələrin, qəzəl, şeir, muğam məclislərinin, caz cem-seyşnlərinin keçirildiyi məkana çevrilsin.
Məqsəd "Gilabi" art-kafedə, həmçinin yeni butikdə kreativ mühit, yaradıcı atmosfer yaratmaqdır. Planlar reallaşsa "Gilabi ceramics" yaradıcılıq mərkəzi Laçının ən maraqlı turistik obyekti kimi tanınacaq. Bunun üçünsə insanlarda ilk növbədə istək, sənət eşqi və çalışmaq əzmi olmalıdır. Sənət eşqi çoxdan var. Sözügedən butikin açılışında "Hicaz" qrupunun konsertinə tamaşa edən publikanın heyranlığı uzun müddət xatırlanacaq. Beləliklə, maraqlı və səviyyəli tamaşaçı artıq var, növbə sənət adamlarınındır. Bayram günü Laçın art-butikin qapıları hər kəsin üzünə açıq elan olundu.
Xatırladaq ki, Balaxanıda fəaliyyət göstərən mərkəzin Laçın filialının açılışından heç bir il keçməyib. Ötən ilin son günlərindən etibarən laçınlı rəssamlar burada çeşidli məhsullar istehsal etməyə başlayıblar.
Heydər Əliyev küçəsində yeləşən "Gilabi ceramics" yaradıcılıq mərkəzində art-butikin açılışı olub.
Rəylər