Çin və ABŞ-dən olan beynəlxalq astronomlar qrupu yeni ekzoplanet tapıblar ki, milyardlarla il sonrakı Yer planetinə bənzəyir.
Oxu.Az-ın xəbərinə görə, bununla bağlı tədqiqatın nəticələri "Nature Astronomy" ("NatAstro") elmi jurnalında dərc olunub.
"KMT-2020-BLG-0414" adlı göy cismi Yerdən 4 min işıq ili uzaqda yerləşir və ağ cırtdanın - sönmüş ulduzun ətrafında fırlanan qayalardan ibarət dünyadır. Gözlənilir ki, Günəşimiz 5 milyard ildən sonra ağ cırtdana çevriləcək.
O vaxta qədər Günəş genişlənəcək və Merkurini, Veneranı, hətta ola bilsin ki, Yer və Marsı da udaraq qırmızı nəhəng fazadan keçəcək. Əgər dünyamız bu dövrdən sağ çıxsa, "KMT-2020-BLG-0414"ə bənzəyəcək.
Müşahidələr göstərib ki, "KMT-2020-BLG-0414" öz ağ cırtdan ulduzundan Yerlə Günəş arasındakı məsafədən bir və ya iki dəfə çox məsafədə yerləşir. Sistemdə, həmçinin qəhvəyi cırtdan - kütləsi Yupiterdən təxminən 17 dəfə böyük olan, parıldaya bilməyən ulduz da var.
Alimlər qeyd ediblər ki, Yerdəki həyat, çox güman ki, Günəşin ağ cırtdana çevrilməsindən xeyli əvvəl yox olacaq. Təxminən bir-iki milyard il sonra Yer okeanları sürətlənən istixana effekti səbəbindən quruyacaq. Tədqiqatçılar hesab edirlər ki, bu vaxta qədər bəşəriyyət başqa dünyalara köçəcək.
Rəylər