Dünyada sərnişin təyyarələrinin qəzaya uğramasına imkan verə biləcək yeni kiberhücum üsulu səbəbi ilə həyəcan təbili çalınır.
Bu barədə Oxu.Az "NTV.com.tr"yə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, son günlər getdikcə artan GPS hücumları müəyyən tətbiqlər vasitəsilə təyyarələrin marşrut istiqamətlərini dəyişərək onların digər təyyarələrə, əraziyə və ya okeana çırpılmasına səbəb ola bilər.
ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), "Boeing" və "FlightSafety International" kimi nəhəng dünya şirkətləri hücumların qarşısını almaq üçün bir araya gəlib.
Mütəxəssislər sərnişin təyyarələrini qəzaya uğratmaq potensialına malik olan qorxunc yeni kiberhücum texnikası barədə xəbərdarlıq edir və bunun adi hala çevrildiyini vurğulayır.
Belə ki, GPS hücumları təyyarələri uçuş marşrutlarından kənarlaşdıra və avtopilotun eniş funksiyasını çaşdıra bilər ki, bu da təyyarənin təyin olunmuş uçuş-enmə zolağını itirməsinə gətirib çıxara bilər.
Mütəxəssislərin fikrincə, bu tip hücumlardan Ukrayna, Rusiya və Yaxın Şərq kimi döyüş bölgələrində daha geniş istifadə edilməyə başlanılıb.
Hakerlərin GPS saxtakarlığına əl atmasının rəsmi səbəbi isə hələlik məlum deyil.
"OPS Group" kibertəhlükəsizlik şirkətinin dərc etdiyi son hesabata görə, dünyada GPS hücumları yanvar-mart dövründə gündə orta hesabla 200 olduğu halda, aprel ayından etibarən gündə 900-ə yüksəlib.
Bəzi günlərdə 1350-yə qədər reysin hücumların hədəfinə çevrildiyi qeyd edilir.
Hakerlər aviaşirkətin qəbuledici antenlərinə saxta radio siqnalları göndərir və bununla da real GPS siqnallarını qeyri-aktiv edirlər. Pilotların sözlərinə görə, GPS hücumunun ilk əlamətlərindən biri təyyarə saatının geriyə doğru getdiyini görmələridir.
Problemi həll etmək üçün qeydiyyatdan keçmiş 450 iştirakçıdan ibarət GPS saxtakarlığı üzrə işçi qrupu yaradılıb ki, iştirakçılar arasında "United Airlines", "American Airlines", "Aer Lingus", "Turkish Airlines" və "Alaska Airlines" kimi sektor təşkilatlarının və aviaşirkətlərin nümayəndələri də yer alır. İşçi qrupuna, həmçinin NASA, "Boeing", Federal Aviasiya Administrasiyası (FAA) və "FlightSafety International" da daxildir.
Rəylər