Fransanın dənizaşırı ərazisi olan Martinikdə etirazlar sürətlənməkdə davam edir və nəhayət, genişmiqyaslı iğtişaşlara çevrilib.
Bu barədə Oxu.Az Lemonde.fr-yə istinadən xəbər verir.
Ölkədə yaşayış bahalılığına qarşı etirazlarla bağlı vəziyyət gərgin olaraq qalır. Prefekturadakı mənbənin sözlərinə görə, oktyabrın 9-dan 10-na keçən gecə Martinikdə nümayişçilərlə toqquşma zamanı on iki jandarm yüngül yaralanıb. Bölgədə vəziyyət nəzərə alınaraq, bu rəqəmin arta biləcəyi bildirilir.
Mənbənin sözlərinə görə, adada ən azı üç mağaza yandırılıb. Həmçinin bir neçə avtomobil dayanacağında, o cümlədən Martinikə idxal edilən yeni avtomobillərin saxlandığı limanda da yanğınlar qeydə alınıb.
Məlumata görə, yerli vaxtla səhər saat 2-də Şelşere şəhərində güclü partlayış səsləri eşidilməyə davam edib.
Sosial şəbəkələrdə iğtişaşlarla bağlı çoxsaylı videolar yayılıb.
Polislə toqquşmanın baş verdiyi adanın şimalındakı Karbet şəhərində bələdiyyə binası tamamilə yandırılıb, nümayişçilər yola qoyulan blokadanı aradan qaldırmaqdan imtina ediblər.
"Jandarma merin dəstəyi ilə bütün səhər dialoq və müzakirə yolu ilə bu bloklayıcı məntəqənin tədricən aradan qaldırılmasına çalışıb. Onlara mərmi atan bəzi şəxslərin aqressivliyi ilə üzləşən jandarmlar güc tətbiq ediblər", - deyə prefekturanın press-relizində bildirilib.
Qeyd edək ki, bahalılığa qarşı aksiyalar sentyabrda Afro-Karib xalqlarının və resurslarının Müdafiəsi Birliyi tərəfindən başladılıb və Martinikdə 40% baha olan ərzaq məhsullarının Fransa ilə qiymət koordinasiyasını tələb edir.
Böhran başlayandan bəri hakimiyyət dörd dəyirmi masa təşkil etsə də, nəticələr etirazçıları qane etməyib. Səlahiyyətlilərin fəaliyyət planını təqdim etmələri üçün beşincisi dəyirmi masa oktyabrın 11-nə planlaşdırılıb.
Rəylər