Kolonializm dünya tarixinin ən iyrənc, çirkin səhifələrindən biridir və təəssüflə qeyd edək ki, bu gün demokratiya, insan hüquqları və azadlıqdan dəm vuran dövlətlərin əksəriyyəti bu "yolu" keçib. Milyonlarla insanın qətli, yerli xalqların min illər boyu yaşadıqları ərazilərdən qovulması, rezervasiyalara yerləşdirilməsi hesabına dövlət qurub inkişaf etdiriblər. Bu gün də fövqəldövlət olmağa iddialıdırlar. Bu sıraya özünü "sosial, ekoloji, demokratik dövlət" kimi dünyaya sırımağa çalışan Norveç də daxildir. Özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verməyə çalışan bu ölkə Fransa, ABŞ, Niderland və s. ölkələrdən heç də geri qalmır. Onun da keçmişi "qara ləkə"lərlə doludur və imici çoxdan korlanıb. Yəni, insan hüquqlarının müdafiəsi sahəsində "etalon" kimi dünya miqyasında formalaşan imici hər zaman reallıqla uyğun gəlmir.
Bəli, bu gün Norveçdə yerli xalqların, xüsusən də samilərə qarşı münasibət, hüquqlarının pozulması pik həddə çatıb. Lakin rəsmi Oslo bir dəfə də olsun buna reaksiya verməyib. Əksinə, onların hüquqları pozulmaqda davam edir. Norveç rəsmi olaraq samiləri ölkənin yerli xalqı kimi tanıyır, lakin bu tanıma real hüquqların təminatını vermir. Ölkə Konstitusiyasının 108-ci maddəsində də bu öz əksini tapıb. Lakin bu hüquqların praktikada həyata keçirilməsində əhəmiyyətli boşluqlar mövcuddur. Norveç hökuməti son onillikdə yerli xalq olan samilərin hüquqlarını ardıcıl olaraq pozmaqla məşğul olub. Samilərin tarixi, assimilyasiya və dövlətlərin təzyiqi şəraitində hüquq və mədəni kimliklərinin qorunması üçün mübarizələri ilə xarakterizə olunur. XV-XVI əsrlərdə Norveç, İsveç və Finlandiya əhalisinin sami torpaqlarına ekspansiyası kolonizasiyanın ilk dalğasını başladıb və bu, yerli xalqların torpaq və təbii sərvətləri istifadə etmə hüquqlarını məhdudlaşdırıb. XVIII və XIX əsrlərdə Norveç "norveçləşmə" siyasəti ilə samilərin mədəniyyətini sıxışdırıb, onların övladları yalnız Norveç dilində təhsil alıb, ənənəvi mərasimləri qadağan edilib. Bu proses, samilərin ənənəvi iqtisadi fəaliyyətlərinə də mənfi təsir göstərib, torpaqlarının ekspropriasiyasına səbəb olub. Buna baxmayaraq, samilər mədəniyyətlərini qorumağa davam edib, XX əsrdə hüquqlarının bərpası üçün təşkilatlanmağa başlayıb.
Ölkə Konstitusiyası və 1990-cı ildə Norveç tərəfindən ratifikasiya olunmuş Beynəlxalq Əmək Təşkilatının 169 saylı "Köklü xalqlar, müstəqil ölkələrdə tayfa həyatı sürən xalqlar" haqqında Konvensiyası kimi beynəlxalq müqavilələrə əsasən statusları da daxil olmaqla, milli və beynəlxalq səviyyədə tanınırlar. Lakin hüquqlarının tanınmasına baxmayaraq, yerli xalqlar bir sıra ciddi problemlərlə, o cümlədən torpaq hüquqlarının pozulması, mədəni və linqvistik təzyiqlər və sosial-iqtisadi bərabərsizliklərlə üzləşirlər. Norveçdə samilər tarixi olaraq Sami Laplandiyası adlanan ərazidə yaşayır, bu da şimal bölgələri olan Nurlann, Troms və Finnmarkı əhatə edir. Əhalinin siyahıyaalmasına görə, samilərin sayı təxminən 80 000 nəfərdir, bunun əhəmiyyətli bir hissəsi - 40 000 nəfər - Norveçdə yaşayır.
2023-cü ildə Norveç hökumətinin hesabatına görə, samilərin 75%-i etnik mənsubiyyətlərinə, cinsiyyətlərinə və yaşayış yerlərinə görə ayrı-seçkilik yaşadıqlarını bildirib. Sami gənclərinin isə 95%-i cəmiyyətin onların mədəniyyətinə qarşı qərəzli olduğunu hiss edir. Mənfi stereotiplərlə və irqçi ifadələrlə də mübarizə aparmalı olan samilərə qarşı xüsusən də sosial mediada bu hallar daha geniş yayılıb. Samilər tez-tez diskriminasiya ilə üzləşən milli azlıqlardan biridir, xüsusilə də qadınlar və uşaqlar bu cür hallara daha çox məruz qalırlar. Tədqiqatlar göstərir ki, şimali Norveç əhalisinin 11%-i milli azlıqlara, o cümlədən sami millətinə qarşı mənfi münasibət bəsləyir.
Samilər bu gün dil və mədəni kimliklərini itirmək riski ilə üzləşiblər. Hökumət sami məktəblərini və dilin bərpası proqramlarını dəstəkləsə də, sami dilinin daşıyıcılarının sayı davamlı olaraq azalır. Xüsusilə gənclər assimilyasiya proseslərinin güclü təsirinə məruz qalaraq, ənənəvi mədəniyyət və dildən uzaqlaşmağa başlayırlar.
Yerli xalqlar Norveçin qalan əhalisi ilə müqayisədə daha yüksək işsizlik və yoxsulluq səviyyələri ilə qarşılaşırlar. Bu, xüsusən də ənənəvi təsərrüfat metodlarının iqlim dəyişikliyi və sənaye genişlənməsi səbəbindən daha az davamlı olduğu uzaq bölgələrdə daha kəskin şəkildə görünür. Müasir səhiyyə və təhsil xidmətlərinə məhdud giriş də vəziyyəti daha da pisləşdirir.
Bundan əlavə, samilərin hüquqlarının pozulması yalnız torpaq məsələləri ilə məhdudlaşmır. Samilər mütəmadi olaraq gündəlik həyat səviyyəsində və institusional mühitdə diskriminasiya və qərəzli münasibətlə üzləşirlər. Bu, tibb və sosial xidmətlərin çatışmazlığı, eləcə də kütləvi informasiya vasitələri tərəfindən yayılan stereotiplərdə özünü göstərir.
Norveç təhsil və media sahələrində də assimilyasiya siyasətini davam etdirir. Xüsusilə gənclər assimilyasiya proseslərindən daha çox təsirlənir, ənənəvi sami mədəniyyəti və dəyərlərindən uzaqlaşırlar. Bu, Norveç hökumətinin kolonial siyasətini davam etdirdiyini və yerli xalqların mədəniyyətini sistematik olaraq məhv etdiyini göstərir.
Norveç samilərin ənənəvi torpaqlarında sənaye layihələrinə üstünlük verərək yerli xalqların hüquqlarını ardıcıl olaraq görməzdən gəlir. Bu yanaşma Norveçin beynəlxalq öhdəliklərinə baxmayaraq, samilərin hüquqlarına qarşı açıq şəkildə etinasızlığını nümayiş etdirir. Məsələn, 2022-ci ildə "Fosen Vind" layihəsi çərçivəsində tikilmiş külək elektrik stansiyaları, Norveçin samilər üçün həyati əhəmiyyətli olan torpaqları qorumaqla bağlı öhdəliklərini pozduğunu sübut edir. Bu layihə çərçivəsində Avropanın yeganə yerli xalqı olan samilər iqlim dəyişikliyi və öz ənənəvi ərazilərində külək elektrik stansiyalarının tikintisi ilə bağlı yeni bir təhlükə ilə üzləşiblər. Norveç dövlət şirkəti olan "Fosen Vind" ümumi gücü 1 057 meqavat olan altı ədəd külək elektrik stansiyası inşa edib ki, bu da samilərin ənənəvi fəaliyyəti olan maralçılığa mənfi təsir göstərir. "Fosen Vind" külək elektrik stansiyaları layihəsi zamanı, Ali Məhkəmənin qərarına baxmayaraq, Norveç samilərin ənənəvi maralçılıq fəaliyyətləri üçün istifadə etdikləri torpaqlarda tikintiyə icazə verib. Ali Məhkəmə külək turbinlərinin samilərin mədəniyyət hüquqlarını pozduğunu təsdiqləsə də, hökumət bu stansiyaların sökülməsi üçün heç bir tədbir görməyib. Bu hadisə Norveçin iqtisadi maraqları yerli xalqların hüquqlarından üstün tutduğunu açıq şəkildə göstərir.
"Fosen Vind" layihəsi kimi genişmiqyaslı sənaye fəaliyyətləri, samilərin ənənəvi torpaqlarında həyata keçirildikdə, yalnız onların həyat tərzini təhlükəyə atmır, həm də mədəni irsinin sistematik şəkildə məhv olunmasına səbəb olur. Hökumətin bu cür layihələrdə yerli xalqların səsinə qiymət verməməsi, onun kolonial mentalitetini açıq şəkildə ortaya qoyur. Su elektrik stansiyaları və digər infrastruktur layihələri, samilərin mədəniyyətinin və sosial strukturlarının zərərinə çalışaraq, bu xalqın ən fundamental hüquqlarını gözardı edir.
Bu cür sənaye layihələrini dəstəkləməklə Norveç hökuməti koloniya siyasətini davam etdirir. İnsan hüquqları haqqında verdiyi vədlərə baxmayaraq, hökumət yerli xalqların mədəni və iqtisadi əsaslarının məhvində iştirak edir.
Norveçdə yerli xalqların torpaqlarına qarşı təcavüz yalnız sənaye sahələri ilə məhdudlaşmır. Norveçin su resurslarının genişləndirilməsi və hidroenergetika layihələri, samilərin yaşadığı və onların ənənəvi fəaliyyətləri ilə məşğul olduğu ərazilərdə ətraf mühitə ciddi ziyan vurur. Torpaqların su altında qalması, otlaq sahələrinin məhvi və ənənəvi balıqçılıq sahələrinin deqradasiyası bu layihələrin birbaşa nəticəsidir. Sami aktivistləri bu layihələrə qarşı dəfələrlə çıxış etsə də, hökumət onların hüquqlarını nəzərə almadan bu layihələri həyata keçirib.
Norveç hökumətinin yerli xalqların hüquqlarına qarşı laqeyd münasibəti yalnız bu gün deyil, tarixən də mövcud olub. 1970-ci illərdə Norveçin Su Resursları və Enerji İdarəsi Alta-Kautokeino su sistemi üzərində su elektrik stansiyasının inşası planlarını irəli sürürdü. Bu layihə sami kəndi Masinin su altında qalmasına gətirib çıxaracaqdı, amma hökumət yerli əhalinin etirazlarına məhəl qoymadı. 1979-cu ildə təbiət müdafiəçiləri hökumətə qarşı məhkəmə iddiası qaldırdılar. Etirazlar genişmiqyaslı oldu, sami aktivistləri aclıq aksiyaları keçirdilər.
Etirazlar o qədər güclü idi ki, sami aktivistləri aclıq aksiyası keçirdilər, buna baxmayaraq, hökumət layihəni tam dayandırmadı və bəndin tikintisi başa çatdırıldı. Bu hadisə Norveç hökumətinin yerli xalqların torpaq hüquqlarına qarşı sistemli təcavüzkar siyasətini nümayiş etdirən açıq sübutlardan biridir.
Beləliklə, Norveçin insan hüquqları sahəsindəki öhdəlikləri, yerli xalqlar, xüsusən də samilər qarşısında durduğu ikiüzlülük və sistematik ayrı-seçkiliklə kölgələnir. Hökumətin bu məsələlərdəki ikiüzlülüyü, yalnız müsbət imicini qorumağa yönəlmiş bir siyasət olduğunu açıq şəkildə göstərir. Yalnız beynəlxalq diqqət və cəmiyyətin geniş dəstəyi ilə, Norveçin insan hüquqları sahəsindəki real vəziyyəti dəyişmək və yerli xalqların hüquqlarını bərpa etmək mümkündür. Bu, Norveçin mədəni müxtəlifliyinin və insan hüquqlarının əsl qiymətini qorumaq üçün həyati əhəmiyyət kəsb edir.
"Report" İnformasiya Agentliyi
Rəylər