Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan səkkiz yaşlı Narin Güranın işi çərçivəsində istintaq davam edir.
Oxu.Az Türkiyə mətbuatına istinadən hadisənin yeni təfərrüatı barədə xəbər verir.
Narinin cəsədini dərə yatağına basdıraraq gizlədən və cinayətdə şübhəlilərdən olan Nevzat Bahtiyar bildirib ki, Narinin əmisi Salim Güran onu oğlunu öldürməklə hədələyib.
"Salim məni solda yerləşən otaqlardan birinə apardığında Narinin yerdə hərəkətsiz uzanmış vəziyyətdə olduğunu gördüm. Xatırladığım qədəri ilə Narinin ağzında köpük şəklində bir maye var idi. Salim mənə dedi ki, Yüksəllə birlikdə olduğumuzu qız gördüyü üçün onu öldürmüşəm. Daha sonra məni də özünə cinayət ortağı eləməklə hədələdi. Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi", - deyə Nevzat Bahtiyar qeyd edib.
Bununla yanaşı, Türkiyənin ədliyyə tibb qurumu Narinin ölüm səbəbi kimi ağız-burnunun qapadılaraq boğulmasını təsdiqləyib.