"Kiyevin müttəfiqlərinin pul çatışmazlığı səbəbindən Qərb silahlarının 2025-ci ildə Ukraynaya tədarükü təhlükə altına düşüb".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat verib.
Onların məlumatına görə, bəzi müttəfiqlər maliyyələşdirmədə çətinliklərlə üzləşir, digərləri isə Kiyevə maliyyə yardımını artırmaqdan imtina edirlər.
Bildirilib ki, Qərbin bu öhdəliklərinin böyük hissəsi Ukraynaya Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri hesabına 50 milyard dollar məbləğində kredit verilməsi ilə bağlıdır.
"Kiyevin müttəfiqləri hələ də bu sövdələşmənin son detalları barədə danışıqlar aparırlar və ABŞ Macarıstanın Avropa İttifaqının bu istiqamətdəki səylərini bloklamasının qarşısını almağa çalışır. Razılaşma əldə edilməzsə, yekun məbləğ kifayət etməyə bilər. Hətta belə bir razılaşma əldə edilsə belə, 50 milyard dollar münaqişənin daha bir ili ərzində Ukraynanın ehtiyaclarını dəstəkləmək üçün yenə də kifayət deyil", - deyə mənbədən vurğulanıb.
Xatırladaq ki, G7 liderləri İtaliyada 13 iyun tarixində keçirilən sammitdə 2024-cü ilin sonuna qədər dondurulmuş Rusiya aktivlərinin gəlirindən Ukraynaya 50 milyard dollar ayırmaq barədə razılığa gəliblər. Mətnə görə, Qərb maliyyə institutlarının yurisdiksiyasında olan Rusiya aktivləri münaqişə başa çatana və zərər ödənilənə qədər dondurulacaq. İyunun 14-də Vaşinqton administrasiyasının nümayəndəsi brifinqdə bildirib ki, Ukrayna G7 ölkələrinin 50 milyard dollarlıq kreditini qrant kimi nəzərdən keçirə və heç nəyi geri ödəməyə bilər.
Rəylər