Məşhur müğənni Teylor Sviftin Avstriya paytaxtında baş tutacaq konsertinə hücum planı ilə bağlı aparılan araşdırma çərçivəsində 18 yaşlı İraq vətəndaşı Vyanada saxlanılıb.
Oxu.Az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, İraq vətəndaşı əsas şübhəli ilə - Şimali Makedoniya kökləri olan 19 yaşlı avstriyalı ilə eyni çevrədən olub.
İŞİD-ə sədaqət andı içən əsas şübhəli isə Vyananın "Ernst Happel" stadionu qarşısında toplaşacağı gözlənilən təqribən 20 min "Swiftie" azarkeşinə qarşı ölümcül hücum təşkil etməyi planlaşdırırmış.
Qeyd edək ki, ABŞ-li pop ulduzun 8-9-10 avqust tarixlərində Vyanada planlaşdırdığı konsertlər təhlükəsizlik səbəbi ilə ləğv edilib.
Xatırladaq ki, iddia edilən sui-qəsdlə bağlı 15 və 17 yaşlı daha iki avstriyalı gənc avqustun 7-də saxlanılmışdı. Daha sonra 15 yaşlı gənc sərbəst buraxılıb və şahid qismində nəzərdən keçirilir.
Məlumata görə, iraqlı şübhəli gənc avqustun 6-da İŞİD-ə sədaqət andı içib, lakin onun planlaşdırılan hücumla əlaqəsinin olub-olmadığı araşdırılır.
Rəylər