"BRICS - dünyanın aparıcı iqtisadi güclərindən biridir və hazırda dünya iqtisadiyyatının 38 faizi BRICS ölkələrinin payına düşür. Eyni zamanda, bütün bunlarla yanaşı, biz praktiki olaraq, həm BRICS-in daxilində, həm də BRICS-in digər ölkələrlə əməkdaşlığının güclənməsini müşahidə edirik".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O vurğulayıb ki, Azərbaycan, BRICS daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsində maraqlı ölkədir:
"COP29-a ev sahibliyi edəcək ölkəmiz, praktiki olaraq, həm iqlim dəyişiklikləri, həm regional və qlobal məsələlərə töhfə verməyə çalışır. Nəzərə alsaq ki, Azərbaycanın bütövlükdə həyata keçirdiyi diplomatiya aktiv şəkildə regionda sülhün və sabitliyin formalaşmasına və inkişafına töhfə verməkdir, bu kontekstdə ölkəmiz həm də Qlobal Cənub və Qlobal Şimal ilə dialoqu gücləndirir. Bu da təbii ki, Azərbaycanın məhz xarici siyasətdə diplomatik uğurlarıdır və eyni zamanda, həm də Azərbaycan diplomatiyasının regional sülhə töhfəsini xarakterizə edən göstəricilərdən biridir".
"Təbii ki, BRICS ilə əməkdaşlıq iqtisadi baxımdan da Azərbaycan üçün vacibdir. Çünki bu, bir tərəfdən, qeyri-neft ixracatının artırılması, digər tərəfdən, turizm daxil olmaqla fərqli sektorlarda əməkdaşlığın gücləndirilməsi, investisiya qoyuluşlarının dərinləşməsi, birgə investisiya layihələrinin reallaşması kimi kifayət qədər milli və regional səviyyədə aktual və əhəmiyyətli məsələlərin həlli istiqamətində birgə fəaliyyət deməkdir. Ona görə də bu əməkdaşlıq qarşılıqlı olaraq tərəflərin həm iqtisadi inkişafına - geosiyasi və geoiqtisadi mövqeyinin güclənməsinə xidmət edəcək", - deyə müsahibimiz əlavə edib.
İqtisadçı ekspert Pərviz Heydərov isə Oxu.Az-a açıqlamasında bildirib ki, 2006-cı ildə yaradılan BRICS hazırda özündə doqquz ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirir:
"Sözügedən təşkilat hökumətlərarası qurum olaraq nüfuzlu beynəlxalq təşkilat sayılır. Onun ilk üzvləri - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası - təbii resurslarla zəngin və böyük iqtisadi potensiala malikdirlər. Ona görə də qeyd olunan ölkələr sürətlə inkişaf edən və yaxud inkişaf edə biləcək ölkələr kimi səciyyələndirilirlər. Adıçəkilən quruma qoşulmaq istəyən ölkələrin də sayının getdikcə artması bununla əlaqədardır".
"BRICS ölkələri çox sürətlə inkişaf edirlər. Keçən il BRICS ölkələri üzrə cəmi ümumi daxili məhsul (ÜDM) qlobal ÜDM-in 35.7%-ni təşkil edirdi. 15 il ərzində təşkilatın qlobal iqtisadiyyatda payı 10,2% artıb. G7 ölkələrinin qlobal iqtisadiyyatda payı isə bu müddətdə 9.7% azalıb və 29%-ə düşüb", - ekspert vurğulayıb.
Müsahibimiz əlavə edib ki, BRICS ölkələrinin dünya ÜDM-dəki payı çoxdan G7-nin - "Böyük yeddiliy"in göstəricisini üstələyir və artmağa davam edir:
"Bu istiqamətdə təkcə Çin, Hindistan və Braziliya kimi ölkələri qeyd etsək, nəzərə almalıyıq ki, bunların hər birinin ayrı-ayrılıqda potensialları ildən-ilə artır".
Mərahim Nəsib