Kazanda İlham Əliyevlə Nikol Paşinyan arasında vasitəçilərsiz keçirilən görüş sülhə doğru növbəti addım kimi qiymətləndirilə bilər. İki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimatın verilməsi də bundan xəbər verir.
Azərbaycan və Ermənistan liderlərinin Kazanda XVI BRICS Sammiti çərçivəsində keçirdikləri görüş əvvəlcədən anons edilməsə də, gözlənilən idi. Tərəflər artıq bir müddətdir ki, yekun sülh müqaviləsinin imzalanması üçün işlərin böyük həcminin tamamlandığını bəyan edirlər. Bakıda keçiriləcək COP29 yaxınlaşdıqca həm hər iki ölkənin ictimai rəyində, həm də dünya mediasında tərəflər arasında sülhün imzalanmasının məhz Azərbaycan paytaxtında keçiriləcək mötəbər tədbirə təsadüf edəcəyinə dair ehtimallar irəli sürülür. Bir neçə gün öncə isə ABŞ Prezidentinin dövlət başçılarına xüsusi məktubla müraciət etməsi və tərəfləri yekun sülhə çağırması liderlərin mümkün görüşünün aktuallığına işarə idi.
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Yekun sülhə doğru növbəti addım
BRICS+ sammitinin gedişində yanaşı oturan dövlət başçılarının nələrisə müzakirə etmələri, ardınca dialoqa XİN rəhbərlərinin də qoşulmaları Bakı ilə İrəvan arasında hansısa mövzular ətrafında son dəqiqləşdirmə işlərinin aparıldığı təəssüratı yaradırdı. Tərəflərin pozitiv ünsiyyəti durumun fikir ayrılıqlarından daha çox uzlaşma ilə müşayiət olunduğunun göstəricisi idi. Bir qədər sonra Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın münasibətlərin nizamlanmasına birbaşa məsul olan baş nazirlərin müavinləri, XİN rəhbərləri və köməkçilərdən ibarət heyətlərlə görüşü ona dəlalət edir ki, liderlər konseptual məqamlara dair yekdil rəyə gəliblər, ancaq detalların dəqiqləşdirilməsi üçün son tapşırıqlarını verirlər. Niyə məhz son? Sualın cavabı görüşdən sonra ictimaiyyət üçün yayılan məlumatdadır: İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Paşinyan Bakıya gələ bilərmi?
İctimaiyyət üçün verilən açıqlamadan görünür ki, tərəflər sülh müqaviləsilə yanaşı, dövlətlər arasında münasibətlərin qurulması kimi mövzunun da müzakirəsində sona çatmaq üzrədirlər. Müharibə etmiş dövlətlərin sülhə gəlmələri hələ diplomatik münasibətlər qurmaları anlamına gəlməyə də bilər. Tarixdə kifayət qədər belə hallar olub. Bu baxımdan, Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin intensivləşdirilməsi tapşırığı özündə bir sıra elan edilməyən amilləri ehtiva edir. Söhbət diplomatik təmasların qurulması, qarşılıqlı surətdə səfirliklərin fəaliyyətə başlaması və bütün bunların da regional kommunikasiyaların açılması kimi mürəkkəb və həssas prosesin detallarını tənzimləyəcəyindən gedir.
Bu prosedura tərəflər arasındakı ümumi sülh prosesi kontekstindən baxa bilərik. Ancaq məsələyə bir qədər özəl yanaşsaq və nisbətən dar çərçivədə nəzər yetirsək, ikitərəfli münasibətlərin tez bir zamanda qurulması üçün xüsusi tapşırığın verilməsinin misal üçün, Paşinyanın Bakıda keçiriləcək COP29-a qatılması üçün edildiyini proqnozlaşdıra bilərikmi? Bunu hər halda zaman göstərəcək, ancaq həm Ermənistanın baş naziri, həm də ayrı-ayrı yüksəkrütbəli rəsmilərin məsələ ilə bağlı açıqlamalarından İrəvanın COP29-da ən yüksək səviyyədə təmsil oluna biləcəyinə dair ehtimalın kifayət qədər real olduğu hiss edilir.
Liderlərin Kazan görüşünədək düşünmək olardı ki, Bakıya məsələn, Ermənistanın baş naziri deyil, prezidenti gələ bilər. Ermənistan konstitusiyasına görə, dövlətdə əsas söz sahibi baş nazirdir, ancaq prezident də prezidentdir. Onun Bakıya gəlməsi rəsmi İrəvan tərəfindən sülhə doğru edilmiş bir jest ola bilərdi. Ermənistan prezidenti Vaaqn Xaçatryan ölkələr arasında illərdir davam edən gərginliklə bağlı radikal bəyanatlarla yadda qalmayıb, sülhə dair pozitiv siqnallar verir, keçmişinin isə radikal qüvvələrlə, Azərbaycan ərazilərinin işğalında iştirak etmiş şəxslərlə heç bir bağlılığı yoxdur. Bununla belə, Kazan görüşü şahmat taxtasındakı vəziyyətə sürpriz korrektələr etdi. Odur ki, COP29-a təşrif buyuran dövlət başçıları arasında Paşinyanın olacağını və yekun sülhün də burada imzalanacağını istisna etmək olmaz.
ABŞ və Rusiya razı, Avropa narazı görünür
İkinci Qarabağ müharibəsinədək danışıqlarda vasitəçilik etmiş Minsk qrupu üzvlərinin hazırkı duruma dair mövqeləri də ciddi maraq kəsb edir. ABŞ Prezidenti Co Baydenin tərəflərin liderlərinə göndərdiyi xüsusi məktubun mətni göstərir ki, Vaşinqtonda yekun sülhə tək ümid etmirlər, həm də inanırlar. Baydenin məktubda həm Prezident İlham Əliyevi, həm də Paşinyanı sülh naminə son addımı atmağa səsləməsi və hər cür dəstəyə hazır olduqlarını bildirməsini Vaşinqtonun gözlənilməz səmimiliyi kimi qiymətləndirmək olar. Bu, artıq ayrı məsələnin mövzusudur ki, Bayden administrasiyası niyə səmimiləşib və nə səbəbdən tələsir. ABŞ-də tezliklə seçkilərdir və demokratlar üçün qaynar çəlləyi xatırladan beynəlxalq aləmdə hansısa diplomatik uğura nail olma görüntüsünü yaratmaq olduqca vacibdir. Ermənistanla Azərbaycan arasında sülh bu baxımdan, ən real görünənidir.
Rusiya Prezidenti Vladimir Putinin sammitdəki çıxışında Azərbaycan-Ermənistan arasında delimitasiya və demarkasiya amilini xüsusi vurğulaması onu göstərir ki, mövcud vəziyyətdən Moskvada da razıdırlar. Ancaq Avropa, daha doğrusu, onu təmsil edən Fransa barədə bunu demək çətindir. Bu ölkənin rəsmiləri və qanunvericiləri fürsət düşən kimi Azərbaycanın ünvanına hədyanlar yağdırırlar, təhdidlə çıxış edirlər. Avropa Parlamentində son günlərdə Bakıya qarşı sanksiya hədə-qorxuları, bu istiqamətdə fransalı parlamentarilərin xüsusi canfəşanlıq etmələri elə bir təəssürat yaradır ki, sanki Parisin Bakı barədə ritorikası Ermənistanla Azərbaycan arasında yekun sülh sazişi imzalanandan sonra da dəyişikliyə uğramayacaq. Belə görünür ki, Makron Fransası Azərbaycanda burnunun ovulmasından və müstəmləkələrində uğradığı pərişanlıqlardan lazımi nəticəni çıxarmaqda çətinik çəkir.