Dəyəri 1 milyon dollardan çox olan kriptovalyutalara sahib insanların sayı son 12 ay ərzində demək olar ki, iki dəfə (95%) artaraq, 2024-cü ilin iyun ayının sonuna 172 300 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə interfax.ru "Henley & Partners" konsaltinq şirkətinin apardığı "Crypto Wealth Report" araşdırmasına istinadən məlumat yayıb.
O cümlədən, indi 85 000 nəfər "bitkoin" milyonçusudur ki, bu da bir il əvvəlkindən 111% çoxdur.
Son bir il ərzində dünyada kripto-milyarderlərin sayı altı nəfər artaraq 28-ə çatıb. Kriptovalyuta portfeli 100 milyon dolları keçən insanların sayı isə 79% artaraq 325 nəfərə çatıb.
"Son bir il ərzində ortaya çıxan altı yeni kripto-milyarderdən beşi sərvətlərini "bitkoin" vasitəsilə artırıb ki, bu da kriptovalyutanın uzunmüddətli, yüksək dəyərli investorları cəlb etməkdə dominant mövqeyini vurğulayır", - "New World Wealth"in analitiki Endrü Emoyls qeyd edib.
Son bir ildə "bitkoin" 2.4 dəfə bahalaşıb. Kriptovalyuta bir il əvvəl təxminən 26 100 dollara satılırdı, çərşənbə axşamı satış zamanı isə kotirovkalar təxminən 62 500 dollar təşkil edib.