Azərbaycanın tanınmış bəstəkarı Cahangir Cahangirovun doğum günüdür.
Oxu.Az xatırladır ki, o, 1921-ci ildə Balaxanı kəndində anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
1949-cu ildən başlayaraq C.Cahangirov Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Onun yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib.
Cahangir Cahangirov həm də Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq, bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar.
Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.
Azərbaycanın tanınmış bəstəkarı Cahangir Cahangirovun doğum günüdür.
Cahangir Cahangirov 1949-cu ildə "Arazın o tayında" vokal simfonik poemasını yaradıb və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb.
1950-ci ildə "Arazın o tayında" poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunub, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.
1962-ci ildə Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə xor və simfonik orkestr üçün "Sabir" oratoriyasını yazıb.
Cahangir Cahangirov "Azad" və "Xanəndənin taleyi" adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov dahi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.
Bəstəkar irihəcmli, mürəkkəb formalı əsərlərlə yanaşı, həm də sevilən mahnıların müəllifidir. Onun "Ana", "Aylı gecələr", "Bakı", "Dan ulduzu, bir də mən", "Ay qız", "Alagöz" və s. mahnıları bu gün də sevilir.
Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib və Fəxri xiyabanda dəfn edilib.
Rəylər