"Boğazının yarısından çoxundan ciddi zərbə almış 19 yaşlı gəncin cərrahi tikişini elə səliqəli etdik ki, hazırda ailəlidir və iki uşağı var. Həmin gəncin həyat keyfiyyətinin yüksək səviyyədə olması bizi sevindirir. Ən ağır yaralılarımız belə, indi həyatdadırlar və cəmiyyətimizin bir parçasıdırlar".
Bu fikirləri Oxu.Az-a müsahibəsində Vətən müharibəsinin aktiv iştirakçısı, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının İdarə heyətinin sədri, Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşı Oktay Mehdiyev deyib.
Müsahibəni təqdim edirik:
- Oktay həkim, sizin tarixi savaşda fəaliyyətiniz haralarda olub?
- Müharibənin başladığı ilk gündən - 2020-ci il 27 sentyabr tarixindən etibarən Gəncə Beynəlxalq Xəstəxanasında fəaliyyət göstərdim. 18 oktyabrdan 12 noyabra kimi isə Füzuli Diaqnostika Mərkəzində baş həkim vəzifəsində çalışdım. Biz orada könüllü fəaliyyət göstərmişik. Oranın rəsmi baş həkimi olub.
Bu günə qədər də işğaldan azad edilmiş ərazilərdə həm stomatoloji, həm də tibbi yardımın təşkilində iştirak edirəm. Azərbaycan Könüllü Həkimlər Assosiasiyası olaraq şəhid ailələri və qazilərlə mütəmadi görüşlər təşkil edirik. Onların sağlamlığının qorunması istiqamətində nəzərdə tutduğumuz layihəni reallaşdırırıq. Biz bununla əlaqədar rayonlara gedirik, orada aksiyalar təşkil edirik. Bəzi şəhid ailələrinə və qazilərə yerində müalicə yazırıq. Cərrahi əməliyyata ehtiyacı olunan şəxslərin isə Bakıda müalicəsini davam etdiririk.
- Biz 44 günlük Vətən müharibəsində sosial şəbəkələri izləyir, rəsmi qurumların açıqlamalarını gözləyirdik. Maraqlıdır ki, daxildə - Orduda əhvali-ruhiyyə necə idi?
- Tibbi yardım göstərilən zaman mahnı oxuyan yaralı əsgərimizi mən çəkmişdim. O video özü daxili ab-havanın hansı səviyyədə olduğunu göstərir. Yəni şiddətli döyüşlər zamanı yaralanan əsgərimizin ağrıları olsa da, mahnı oxuyurdu, özü də "Qarabağ" mahnısını... Bu reallıq əsgərimizin gücünü, mübarizliyini, əzmini ortaya qoyurdu.
@oxuaz Ağrılarına güc gələrək mahnı oxuyan unudulmaz qazimiz ❤ #Vətənmüharibəsi
♬ оригинальный звук - Oxu.az Son Xəbərlər
Əsgərlərdən əlavə, həmkarlarım da özlərini yorğun hiss etmirdilər, elə olurdu ki, iki-üç gün yatmırdıq. Ancaq həkimlər anlayırdılar ki, bu, tarixi döyüşdür.
- Yaralı əsgərlərimiz sizinlə ünsiyyət quran zaman nə deyirdilər?
- Yaralı əsgərlərimizin bir çoxu arxaya göndərilməkdən imtina edirdilər. Məsələn, yumşaq toxumaların qəlpə yarası olan əsgərlər xahiş edirdilər ki, iki-üç gün toparlanandan sonra döyüş yoldaşlarının yanına getsinlər.
Bəziləri sağalmamış qayıtmaq istəyirdilər. Pafos deyil bu fikrim, səmimi deyirəm, qorxaq əsgər rastıma çıxmadı.
- Hansı hadisələr sizə pis təsir edirdi?
- Bəzi əsgərlərimiz bizə çatana qədər şəhid olurdular. O zaman yardım edə bilmədiyimiz üçün üzülürdük. 19 yaşlı bir yaralı gətirmişdilər. Yanındakı əsgər yoldaşı deyirdi ki, 15-20 dəqiqə qabaq danışırdı. Sadəcə, xəstəxanaya qədər qanitirmədən şoka düşmüşdü, artıq ürəyi dayanmışdı. Kollektiv olaraq onu həyata qaytarmaq üçün əlimizdən gələni etdik, amma mümkün olmadı. İndi danışıram, pis oluram. Həmin vaxt heç birimiz göz yaşlarımıza hakim ola bilmədik.
Torpaqlarımız alınanda hamımız sevinirdik. Amma zəfərin nəyin bahasına başa gəldiyini yalnız biz görürdük. Bir gözümüz gülürdü, digər gözümüz ağlayırdı.
- Birinci Qarabağ müharibəsi ilə 44 günlük Vətən müharibəsinin yaralıları arasında fərq vardımı?
- Fərq həddindən artıq böyük idi. Silahların müasirləşməsi xəsarətlərin ağırlıq dərəcələrinin artmasına gətirib çıxarıb. Əvvəlki müharibədə, sadəcə, güllə yaraları üstünlük təşkil edirdisə, bu dəfə qəlpə yaraları daha çox idi.
Qəlpələrin dağıdıcı qüvvəsi də silahın növündən asılı olaraq fərqli olurdu. Boğazının yarısından çoxundan ciddi zərbə almış 19 yaşlı gəncin cərrahi tikişini elə səliqəli etdik ki, hazırda ailəlidir və iki uşağı var. Həmin gəncin həyat keyfiyyətinin yüksək səviyyədə olması bizi sevindirir. Ən ağır yaralılarımız belə, indi həyatdadırlar və cəmiyyətimizin bir parçasıdırlar.
- Yaralı əsgərlər arasında təcililik baxımından seçimi necə edirdiniz?
- Yaralılar tək gəlmirdilər. Biz təcili tibbi yardım maşınlarında ən ağır vəziyyətdə olanları seçməyə çalışanda əsgərlər özləri deyirdilər ki, "mənə yox, yoldaşa baxın, o, daha ağırdır". Onların vəziyyətləri nə qədər ağır olsa da, yoldaşlarının qayğısına qalırdılar.
- Qələbələrin ilk müjdəsini siz alırdınız. Bu, necə hissdir?
- Bəli, torpaqlarımızın azad olunması xəbərlərini əvvəlcə biz eşidirdik, sonradan xalqımıza elan olunurdu. Möhtəşəm hiss idi. Çünki illərlə o torpaqların həsrətində idik. Məsələn, Şuşada döyüşlərin getdiyini bilirdik, amma elan olunmamışdı.
Vətən müharibəsi həkimlərin gözü ilə...🇦🇿Vətən müharibəsi həkimlərin gözü ilə... #Vətənmüharibəsi #44günlükmüharibə
Posted by Oxu.az on Friday, September 20, 2024
Həyəcanla nəticəni gözləyirdik. Eşitdiklərimiz bizə ruh verirdi. O xəbərlər yorğunluğumuzu aradan qaldırırdı.
- Yadınıza gələn maraqlı hadisəni bizimlə bölüşə bilərsiniz?
- Xatirəm çoxdur, amma birini deyim. Deməli, biz yaralıları bir-iki gündən çox saxlaya bilmirdik. Onların vəziyyəti stabilləşəndən sonra arxaya göndərirdik. Bir dəfə xüsusi təyinatlı bir yaralının çarpayısında utana-utana gizləndiyini gördüm. Sənədini alıb hospitala göndərmək istəyəndə reaksiya verdi. Qulağıma söz demək istədiyini bildirdi. Dedi, həkim, iki gündür ki, burada yatıram, utanıram. Zərbə yumşaq toxumalarına dəymişdi, sümükləri yerində idi. Sakit dayanmağının səbəbi isə bir gün də orada qalıb arxa cəbhəyə yox, döyüş yoldaşlarının yanına qayıtmaq istəyi imiş.
- Bəs müharibə dönəmində xalqımızdan sizə hansı dəstək oldu?
- Onu deyə bilərəm ki, bu müharibənin qalibi Azərbaycan xalqıdır. Bunu izah etmək üçün sizə bir nümunə demək istəyirəm. Müharibənin son günləri idi, ağır yaralımız gəlmişdi. Qan bankında ehtiyatımız olsa da, bəzən ehtiyac olurdu. İnsanlar hospitalın önündə gecə-gündüz qalırdılar. İki dəfə qan köçürəndən sonra konservləşdirilmiş qandan istifadə etmirdik, yeni qan lazım olurdu. Həmin anda biz çölə çıxıb deyirdik ki, filan qan qrupu üçün bizə beş nəfər lazımdır. Bir dəfə səhərə yaxın çıxdım çölə, dedim, bizə ikinci qrup qan lazımdır. On nəfər özünü içəri atdı. Onları laboratoriyaya aparanda birinin çəlimsiz və çox arıq olduğunu gördüm. Ürəyim ağrıdı, xoşluqla dedim ki, "sənin nə canın var ki, qan alaq?" O, üzünü mənə çevirərək məğrur baxışlarla cavab verdi: "Huşumu itirənə qədər qanımı çəkin". Xalqımız son damla qanını verməyə hazır idi. Heç nəyi olmayan da qanı ilə dəstək olmağa çalışırdı. Bizə həm dövlət, həm də vətəndaşlarımız tərəfindən yüksək səviyyədə dəstək var idi.
Məhərrəm Əliyev
Rəylər