"Brüssel görüşündə ABŞ-nin Ermənistanda enerjinin diversifikasiyası çərçivəsində modul tipli atom elektrik stansiyası tikəcəyi barədə gizli razılaşma mövcud olub. Bu mövzu artıq çoxdan müzakirə olunurdu".
Bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Yazıda bildirilir ki, bununla bağlı gizli razılaşma Belçikada aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşlərdə əldə edilib.
Müəllifin sözlərinə görə, rəsmi İrəvan hələlik müvafiq tələbin irəli sürüldüyünü inkar edir.
Nəşrdə vurğulanır ki, ABŞ və Aİ Cənubi Qafqazda fəaliyyət göstərən yeganə atom elektrik stansiyası "Metsamor"un istismarının dayandırılması üzrə nüvə enerji proqramı məsələsində Ermənistana dəstək verəcək, bundan sonra yeni AES-in tikintisi üçün maliyyələşdirmə təmin ediləcək.
Qeyd edək ki, son illərdə Azərbaycan və Türkiyə rəsmi İrəvanın qarşısında "Metsamor" AES-in bağlanması tələbini qoyub.