Cari ilin 11-22 noyabr tarixləri arasında Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində ölkəyə səfər edəcək şəxslərə "Azərbaycan Hava Yolları" (AZAL) tərəfindən xüsusi endirimlər təklif edilir.
Belə ki, kampaniya çərçivəsində COP29 ərəfəsində Bakıya səfər etmək niyyətində olan şəxslər AZAL-ın biznes, premium ekonom və ekonom siniflərindən olan aviabiletlərini 10% endirimlə əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə aviabilet alışı zamanı "VISITCOP29" promokodundan istifadə etməlidirlər.
Güzəştlərdən AZAL-ın bütün beynəlxalq müntəzəm reysləri üzrə səyahət edən və yaşı 18-dən yuxarı olan şəxslər yararlana bilərlər. Endirimli aviabiletləri 8 noyabr 2024-cü il tarixinədək əldə etmək mümkündür. Qeyd edək ki, güzəştli aviabiletlər yalnız bu ilin 1 noyabr - 1 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur.