"Naftalan nefti ölkəmizin təbii müalicə ehtiyatları arasında birinci yerdə dayanır, çünki unikal məhsuldur. Naftalan neftinin müxtəlif xəstəliklər zamanı müalicəyə müsbət təsiri var. Naftalanın bir kurort kimi fəaliyyət göstərməsi üçün hüquqi əsasnamə hazırlanır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Şuşada keçirilən "Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları" mövzusunda konfransda səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
O bildirib ki, ölkədə fəaliyyət göstərən müalicə-sağlamlaşdırıcı müəssisələrin yarısı Naftalana aiddir:
"Naftalanı Azərbaycan brendi kimi dünyaya tanıtmaq lazımdır. Bunun üçün təkcə reklam kifayət etmir. Bunun üçün insanları inandıracaq sübutlar, elmi nəşrlər lazımdır. Sözügedən nəşrlər sovet dönəminə aid olduğu üçün aktuallığını itirib. Çünki yeni elmi üsullar və müalicə metodları ortaya çıxıb. Naftalan neftinin insan sağlamlığına təsiri, bu təsirlərin araşdırılması, beynəlxalq elmi məqalələrdə sözügedən mövzulara toxunulması effektiv olacaq".
Qeyd edək ki, oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları" mövzusunda beynəlxalq konfrans keçirilib.
Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdikləri tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.
Məhərrəm Əliyev
Rəylər