İsrail Hərbi Hava Qüvvələri ölkəyə 7 oktyabr tarixindəki hücumda birbaşa iştirak edən 3 yüksəksəviyyəli HƏMAS rəsmisini məhv edib.
Bu barədə Oxu.Az İsrail Müdafiə Qüvvələrinin rəsmi "Telegram" kanalına istinadən xəbər verir.
"İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatları əsasında ölkənin Hərbi Hava Qüvvələri gecə saatlarında Xan-Yunisdəki humanitar zonada inşa edilmiş komanda-idarəetmə mərkəzində fəaliyyət göstərən bir neçə yüksək səviyyəli HƏMAS terrorçusuna dəqiq zərbə endirib.
Vurulan terrorçular arasında HƏMAS-ın Qəzza zolağındakı hava bölmələrinin rəhbəri Samer İsmail Xadr Abu Dakka da var. Bundan əlavə, əməliyyat zamanı HƏMAS-ın hərbi kəşfiyyat qərargahında müşahidə və hədəfləmə şöbəsinin rəhbəri Usama Tabeş və HƏMAS-ın digər yüksəkrütbəli terrorçusu Ayman Mabxux da öldürülüb.
Bu terrorçular 7 oktyabr qətliamında birbaşa iştirak ediblər və son vaxtlar İsrail Müdafiə Qüvvələrinə və İsrail dövlətinə qarşı terror fəaliyyətləri həyata keçiriblər", - deyə məlumatda bildirilib.
Rəylər