İyirmi gün sonra Parisdə Yay Olimpiya Oyunlarına start veriləcək.
Oxu.Az-ın əməkdaşı nəhəng turnirə yollanacaq idmançılarımızın bəzilərinin hazırlıq prosesi ilə maraqlanıb, onlardan şanslarını dəyərləndirmələrini istəyib.
Azərbaycan millisinin üzvü, atıcı Ruslan Lunyov Oxu.Az-a açıqlamasında bildirib ki, Olimpiya Oyunlarında uğurlu nəticə verəcəyinə inanır:
"Hazırlıq prosesi yaxşı gedir, hər şey qaydasındadır. Əlbəttə ki, bu, idmandır, mən qızıl medal gətirəcəyimi deyə bilərəm, amma hər şey ola bilər. Mən də digər idmançılarımız kimi, ölkəmizə medalla qayıtmaq istəyirəm. Hər hansı çatışmazlıq isə yoxdur".
Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev Oxu.Az-a açıqlamasında 3x3 basketbol komandasının hazırlıq prosesini Serbiyada keçirəcəyini bildirib:
"Paris-2024-ə yollanacaq 3x3 basketbol komandamızın heyəti artıq məlumdur: Aleksandra Molehauyer, Tiffani Heys, Mersedes Volker və Dina Ulyanova. Təlim-məşq toplanışı 3x3 basketbolunun məbədi sayılan Serbiyanın Novi Sad şəhərində keçiriləcək. Həmin şəhər hazırlıq prosesi üçün ən ideal məkandır. Hazırlıq prosesinə iyulun 8-dən start veriləcək. Nəticəyə gəldikdə isə komandamızın ən yaxşı göstəriciyə imza atacağına ümid bəsləyirik".
Yunan-Roma güləşçimiz Murad Məmmədov Oxu.Az-a bildirib ki, hazırlığı əcnəbi mütəxəssislərlə birlikdə keçirlər:
"Olimpiya Oyunlarına hazırlığımızı Göygöldə keçiririk. Amerikalı mütəxəssislər də buradadırlar. Məşqlərimiz ağır keçsə də, olduqca maraqlıdır. Çünki fərqli məşqlər edirik. Bundan sonrakı təlim-məşq toplanışımız Rusiyanın Vladiqafqaz şəhərində olacaq. Yenidən Azərbaycana qayıdıb daha bir məşq prosesindən sonra Olimpiya Oyunlarına yollanacağıq. Özümü yaxşı hiss edirəm, iki güclü rəqibim var və onlara qalib gəlmək üçün çox çalışıram. Ümid edirəm ki, mənə olan etimadı doğrulda biləcəyəm".
İdmançılarımızın Paris-2024 hədəfləri: "Əziyyətlər bizə qızıl medal formasında geri qayıdacaq"
Daha bir yunan-Roma güləşçimiz Hacı Əliyev isə üçüncü dəfə Olimpiya Oyunlarının mükafatına sahib çıxmaq istədiyini bildirib:
"Hazırda məşqlərimiz olduqca gərgin keçir. Amma buna baxmayaraq, özümüzü çox yaxşı hiss edirik. Mənə elə gəlir ki, çəkdiyimiz bu əziyyətlər bizə qızıl medal formasında geri qayıdacaq. İnanıram ki, hər zaman olduğu kimi, Olimpiya Oyunlarında da güləşçilərimiz yaxşı nəticə qazanacaqlar. Hədəfim isə odur ki, üçüncü dəfə Olimpiya Oyunlarında qalib gəlim. Çempion olmasam belə, olimpiya mükafatına sahib çıxmaq mənim üçün önəmlidir".
İdmançılarımızın Paris-2024 hədəfləri: "Əziyyətlər bizə qızıl medal formasında geri qayıdacaq"
Boksçumuz Malik Həsənov Oxu.Az-a açıqlamasında adını tarixə qızıl hərflərlə yazdırmaq istədiyini deyib:
"Hazırlıqlarımız qaydasında gedir. Təlim-məşq toplanışlarını ard-arda etmişik. Birini Türkiyədə, digərini isə Özbəkistanda keçirmişik. İlkin olaraq texniki, taktiki və fiziki cəhətdən çatışmazlıqları aradan qaldırdıq. Eyni zamanda, Türkiyədə yoldaşlıq görüşləri keçirdik. Özbəkistanda isə sürət məşqlərinə başladıq. Orada da güclü rəqiblərlə qarşılaşdıq. Son olaraq isə Almaniyaya yollanacağıq.
Paris-2024-də əlimdən gələnin ən yaxşısını edərək mənə göstərilən bütün etimadları doğrultmağa çalışacağam. Olimpiya Oyunlarını medalla, ən əsası isə qızıl medalla başa vurmaq istəyirəm. Hədəfim bəllidir. Adımı tarixə qızıl hərflərlə yazdırmaq istəyirəm. Çatışmazlıqlar isə demək olar ki, yoxdur. Təlim-məşq toplanışlarında zəif tərəflərim məşqçilər tərəfindən aşkar olundu və üzərində çalışaraq aradan qaldırdıq".
İdmançılarımızın Paris-2024 hədəfləri: "Əziyyətlər bizə qızıl medal formasında geri qayıdacaq"
Anar Həsənov
Rəylər