Lənkəranın icra başçısına qarşı sui-qəsdə cəhddə təqsirləndirilən Bəhruz Əskərovun cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən ilk baxış iclasında təqsirləndirilən şəxsə dövlət ittihamçısı ittiham aktını elan edib. Bəhruz Əskərov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. Ona məhkəmədə sərbəst ifadə vermək üçün söz verilsə də, Bəhruz Əskərov bundan imtina edib. Dekabrın 3-də keçirilməsi nəzərdə tutulan növbəti məhkəmə prosesində zərərçəkən və şahidlərin ifadələrinin dinlənilməsi ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Bəhruz Əliməmməd oğlu Əskərov digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsində şübhəli bilinərək saxlanılıb.
İttihama görə, Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Ona Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Elgün Həsənli