Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton müasir dövrün ən çox müzakirə olunan və sevilən kral cütlüklərindən biridir. Nikahları 10 ildən çox davam etsə də, onlar hələ də güclü və harmonik münasibətlərini qoruyub saxlayırlar. Məlum olub ki, onların xoşbəxt ittifaqının sirri rəqabətdədir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Fox News" öz mənbələrinə istinadla xəbər verib.
Bildirilib ki, Uilyam və Keyt həyatın müxtəlif aspektlərində - istər axşamlar kart oyunları olsun, istərsə də uşaqların tərbiyəsində bir-birilərinə güzəştə getmək istəmirlər.
"Onlar belə tərbiyə olunublar" ,- mənbə qeyd edib. "Onların hər biri hər şeydə ən yaxşı olmağa çalışır və bu onlara daim inkişaf etməyə və təkmilləşməyə kömək edir".
Maraqlıdır ki, hətta kart oyunu kimi sadə bir əyləncədə də Uilyam və Keyt onlardan biri qalib gələnə qədər dayana bilmirlər.
"Bu sağlam rəqabət onlara təkcə birlikdə maraqlı vaxt keçirməyə deyil, həm də bir-birilərinin şəxsiyyətinin müxtəlif tərəflərini görməyə imkan verir" , - deyə mənbə əlavə edib.
Uşaqların tərbiyəsinə gəldikdə, Uilyam və Keyt bu prosesə də rəqabət elementi gətirirlər.
"Onlar uşaqlarla mümkün qədər çox vaxt keçirməyə və bunu maksimum keyfiyyətlə etməyə çalışırlar. Onların hər biri ən yaxşı valideyn olmaq istəyir və bu, onların varislərinə fayda verir" , - deyə mənbə sözlərini yekunlaşdırıb.