"Müharibə başlayandan bir neçə gün sonra hərbi hospitalın ərazisi düşmən tərəfindən artilleriya atəşinə tutuldu. Həmin vaxt bizə mülki həkimlər də yardıma gəlmişdilər".
Bunu Oxu.Az-a videomüsahibəsində 44 günlük müharibədə Sarıcalı hərbi hospitalında xidmət edən tibb kapitanı, həkim-travmatoloq Cavid İlyaszadə deyib.
"Ən yaddaqalan məqam o idi ki, hospital ərazisinin artilleriya atəşinə tutulmasına baxmayaraq, heç kim ərazini tərk etmədi və həmin zaman əməliyyatxanada işimizi davam etdirdik. Gələn yaralıları, əsgərləri israrla saxlamağımıza baxmayaraq, onların əksəriyyəti döyüş meydanına qayıtmağa çalışırdı. Öz hərbçi yoldaşlarını tək buraxmamaq üçün hətta hospitalı qaçaraq tərk edənlər də olmuşdu.
Bizə gələn yaralıların içində zərbə dalğası alan yaralılar olurdu ki, o dalğa onları olduqları yerdən 10-15 metr kənara atdığı üçün çoxsaylı bədən xəsarətləri alırdılar. Elə əsgərlər olurdu ki, dördüncü, beşinci dəfə dalğa zərbəsindən hospitala göndərilməsinə baxmayaraq, yenə də hansısa yolla hospitalı tərk edib yenidən döyüş meydanına qayıdırdılar - onları saxlamaq və geri qaytarmaq olmurdu".
Videomüsahibəni və fotoları təqdim edirik:
"Müharibə başlayandan bir neçə gün sonra hərbi hospitalın ərazisi düşmən tərəfindən artilleriya atəşinə tutuldu. Həmin vaxt bizə mülki həkimlər də yardıma gəlmişdilər".
Əzizə İsmayılova
Rəylər