Azərbaycan vətəndaşları Qırğızıstana daxil olduqları andan etibarən sənəd rəsmiləşdirmədən ümumilikdə 60 günə qədər qala bilərlər.
Oxu.az-ın məlumatına görə, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin məlumatından aydın olub.
Bildirilib ki, Qırğızıstanda yeni qəbul edilən qanuna əsasən sentyabrın 5-dən etibarən əcnəbilərin qalması ilə bağlı yeni qaydalar qüvvəyə minir.
"Qırğızıstan Nazirlər Kabinetinin "Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Qırğızıstan Respublikası ərazisində qalması məsələləri haqqında" qərarına əsasən, Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Ermənistan, Belarus, Gürcüstan, Moldova kimi vizasız rejim ölkələrinin vətəndaşlarının qeydiyyatı qaydalarına dəyişikliklər edilib", - deyə nazirlikdən bildirilir.
Məlumata görə, əvvəllər Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Ermənistan, Belarus, Gürcüstan, Moldova vətəndaşlarının qeydiyyatı 6 ay müddətinə aparılırdısa və qalma məqsədindən asılı olaraq sonradan uzadılma hüququ var idisə, bundan sonra vizasız rejim ölkələrinin vətəndaşlarının uzun müddət şəxsi məqsədlərlə Qırğızıstanda qalması üçün qeydiyyatın uzadılması yalnız ölkədə qalmaq hüququ verən yaşayış icazəsi, vətəndaşlığı olmayan şəxsin vəsiqəsi, "Kayrılman" vəsiqəsi, "Meken-kart" vəsiqəsi kimi sənədlərdən biri əsasında həyata keçiriləcək (qısa müddətli qalmaq üçün gələn əcnəbi vətəndaşlar istisna olmaqla).
Bildirilir ki, Tacikistan, Gürcüstan, Azərbaycan və Moldova vətəndaşları respublika ərazisində 60 gün qaldıqdan sonra qeydiyyatdan keçməsələr, Qırğızıstandan çıxmağa məcbur olacaqlar və 60 təqvim günündən sonra onun ərazisinə təkrar daxil ola biləcəklər.
Eyni zamanda, yuxarıda göstərilən qərarla Qırğızıstan ərazisində şəxsi məqsədlərlə qalan vətəndaşlar üçün müvəqqəti yaşayış icazəsinin rəsmiləşdirilməsi və verilməsi nəzərdə tutulub. Bu icazə 15 iş günü ərzində bir il müddətinə verilir və hər il uzadılır, lakin beş ildən çox olmur.
Rəylər